Xəzər İbrahim: ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı Ermənistana yönəlməlidir

ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən bəyanatla çıxış edib. Bəyanatda iki məsələ qabardılır. Həmsədrlər Azərbaycanın BMT-də yaydığı sənədlərə istinad edərək bildirir ki, hüquqi müzakirələrə yol verməyəcəklər. İkincisi isə həmsədrlər münaqişənin hərbi həllinin olmadığını bildirir. Bu sözlərlə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib.
Onun sözlərinə görə, Azərbaycan həmin sənədləri yayarkən birbaşa beynəlxalq hüquq və prinsiplərə əsaslanıb və bundan sonra da əsaslanacaq. “Bu, bütün beynəlxalq sənədlərdə, o cümlədən də BMT-nin əsasnaməsində əksini tapıb. İkinci məqam odur ki, noyabrın 2-də üç prezident tərəfindən imzalanmış Moskva bəyannaməsində də münaqişənin beynəlxalq norma və prinsiplər, bu çərçivədə qəbul olunmuş sənəd və qərarlar üzərində nizamlanması qeyd edilir. Ona görə də Azərbaycanın bu kimi addımları tam labüddür”.

Mətbuat katibi eyni zamanda, Azərbaycan prezidentinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan etdiyini deyib. “Münaqişənin sülh yolu ilə həlli beynəlxalq hüquq və normalara əsaslanmalıdır”.

O həmçinin həmsədrlərin “münaqişənin hərbi həll yolu yoxdur” fikirlərinə də münasibət bildirib. “Ermənistan münaqişəni hərb yolu ilə həll etməyə çalışıb və bu gün də çalışır. Azərbaycanın əraziləri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Həmsədrlərin bəyanatı da məhz Ermənistan tərəfə yönəlməlidir. Ermənistandan tələb olunmalıdır ki, münaqişənin sülh yolu ilə həllinə, məhz hüquqa əsaslanan həllinə çalışsınlar, silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarsınlar”, - deyə o qeyd edib

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Aqşin Mehdiyev 2008-ci il dekabrın 24-də və 29-da BMT Baş Katibinə məktub ünvanlayıb. Məktublara həmçinin iki məruzə əlavə edilib: “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün hüquqi nəticələri haqqında” və “Dövlətlərin ərazi bütövlüyü barədə fundamental norma və xalqların öz müqəddəratını təyin etmə hüququ Ermənistanın revizionist (təftişçi) iddiaları işığında”.
Birinci məruzədə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün nəticələrindən danışılır və Azərbaycanın özünümüdafiə hüququ, daha dəqiq isə, işğal edilmiş ərazilərini hərbi yolla azad etmək hüququ əsaslandırılır.
Məruzədə münaqişənin böyüməsi və Ermənistan təcavüzünün əvvəlcə Dağlıq Qarabağ daxilində, sonra Ermənistan və Azərbaycan sərhədlərində, daha sonra isə hər iki ölkə arasında genişlənməsi mərhələləri ətraflı təsvir edilib. Nəticədə Azərbaycan ərazilərinın böyük hissəsi işğal edilib.
Silahlı basqın nəticəsində zərərçəkmişlərin, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiə hüququ var, deyə məruzədə qeyd edilir. Ermənistanın məsul şəxslərinin Azərbaycana qarşı cinayətlərə görə məsuliyyətə cəlb edilməsi mümkünlüyü əsaslandırılır.
İkinci məruzədə beynəlxalq-hüquqi sənədlərin təhlili əsasında qeyd edilir ki, “dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipi beynəlxalq hüququn fundamental normasıdır. Bu zaman beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etmə hüququ ayrılmaq hüququ kimi şərh edilə bilməz.
Məruzədə həmçinin qeyd edilir ki, Dağlıq Qarabağ sakinləri insan hüquqlarına aid bütün beynəlxalq müddəalardan, o cümlədən Azərbaycanın sərhədləri daxilində öz müqəddəratını təyin etmə hüququndan tam istifadə etmək hüququna malikdir.
Müstəqil politoloqlar Azərbaycanın BMT baş katibinə müraciətini müstəqil dövlətin suveren hüququ hesab edir. Politoloq Rasim Musabəyovun fikrincə, Azərbaycan BMT-nin münaqişə ilə bağlı qətnamələrinin yerinə yetirilməsini tələb etməlidir. Bu təşkilat öz qətnamələrinə hörmət etmirsə, bu halda Azərbaycan öz suverenliyini bütün vasitələrdən istifadə etməklə bərpa etməlidir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına gəlincə, politoloq hesab edir ki, bu dövlətin siyasətinə qarışmaqdır. Həmsədrlər missiyasını yerinə yetirməlidir.