Azərbaycandakı seçkilərə beynəlxalq reaksiya (YENİLƏNİB)

Azərbaycanda dünən keçirilən prezident seçkiləri gözəçarpan irəliləyişlə keçib, amma ölkənin üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə cavab vermədiyi nəticəsinə gəlinib. Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti müşahidəçilərinin birgə bəyanatında deyilir.
Müşahidə missiyası hesab edir ki, seçki sakit şəraitdə keçib, lakin güclü rəqabətin, mətbuat tərəfindən işıqlandırılan aktiv siyasi şəraitin yoxluğu ilə xarakterizə olunub və beləliklə mənalı və plüralist demokratik seçkilərin bütün prinsiplərini özündə əks etdirməyib. Təəssüf ki, bəzi müxalifət partiyaları uzun müddət davam edən maneələri əsas tutaraq seçkini boykot edib. Bu elektorat üçün mənalı seçim etmək miqyasını daha da məhdudlaşdırıb.
ATƏT-in DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri, səfir Boris Frlets bildirib ki, seçkilərin keçirilməsində nəzərəçarpacaq irəliləyişlər olub, amma əsas beynəlxalq öhdəliklərin, xüsusilə də plüralizmi, ədalətli təşviqat mühiti və mətbuatla bağlı sahələrdə yerinə yetirilməsində əlavə səylərə ehtiyac var.
AŞPA nümayəndə heyətinin rəhbəri Andres Herkelin fikrincə, Azərbaycanda mətbuat məsələsi narahatlıq yaradır. “Seçki günü ümumilikdə müsbət dəyərləndirilsə də, əhəmiyyətli irəliləyişlər qeyd olunsa da, seçki müşahidəsi insan hüquqları, demokratiya və qanunun aliliyi kimi daha geniş meyarlar əsasında aparılıb. Bu mənada, Azərbaycanda mətbuat azadlığı məsələsi narahatlıq mənbəyi olaraq qalır”.

Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Marie Anne İşler Bequn hesab edir ki, seçki günü aparılmış müşahidələr seçkilərin yaxşı hazırlandığını və sakit keçdiyini göstərib. “Ancaq əsas müxalifət partiyalarının seçkini boykot etməsi və real seçki kampaniyasının yoxluğu ilə əlaqədar olaraq həqiqi rəqabətin mövcud olmaması dərin təəssüf doğurur”.
Bəyanatda həmçinin qeyd olunur ki, seçki günü, xüsusi ilə səslərin sayılmasında və hesablanmasının əsas mərhələsində çatışmamazlıqlar müşahidə olunub, rəsmilər namizədlər üçün daha yaxşı bərabər şəraitin yaradılmasına çalışıb və ümumilikdə seçki səmərəli şəraitdə keçib. Müşahidəçilər qeyd edib ki, seçki kampaniyası zəif olub, hazırkı prezident kampaniya aparmamaq qərarına gəlib, digər namizədlər isə aydın şəkildə az ictimai dəstək qazanıb.