AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanın Bakıya səfəri davam edir.
Həmməruzəçilər hüquq müdafiəçiləri, siyasi partiya rəhbərləri, həbsdə olan jurnalistlərlə, Azərbaycan parlamentində və Mərkəzi Seçki Komissiyasında görüşlər keçirib. Görüşlərdə “Seçki Məcəlləsi” və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunlara əlavə və dəyişikliklər, seçkiqabağı vəziyyət, siyasi məhbus problemi, söz və mətbuat azadlığının mövcud dururmu müzakirə edilib.
Cənab Herkel bildirib ki, səfərin yekunları ilə bağlı hesabat hazirlanacaq. “Avropa Şurası Parlament Assambleyası da bu hesabat əsasında cümə günü Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin edilib-edilməməsinə qərar verəcək”.
Cənab Herkel Azərbaycan rəhbərliyi ilə mətbuat azadlığı sahəsində müzakirələr apardığını da deyib. “Azərbaycanın siyasi rəhbərliyinə açıq bəyan etdik ki, baxmayaraq onlar həbsdə olan jurnalistlərin fikirləri ilə razı deyillər, ancaq onların şübhəli əsaslarla həbsxanada saxlanmasıölkənin nüfuzuna daha çox zərbə vurur, nəinki onların açıq şəkildə öz fikirlərini ifadə etmələri. Mən burada “Azadlıq” qəzetini xüsusi qeyd etmək istəyirəm. “Azadlığ”ın 2 jurnalisti həbsdədir, bir neçəsi döyülüb. Təqiblərə məruz qalan, qorxu mühitində yaşayan qəzetin kollektivi 40 nəfərdən 20 nəfərə qədər azalıb. “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetləri də Eynulla Fətullayevin həbsindən sonra dərcini dayandırıb. Bu, normal hal deyil. Bizi xüsusilə ciddi narahat edir”.
Cənab Herkel “Seçki Məcəlləsi” ətrafında mənzərənin kifayət qədər qarışıq olduğunu bildirib. “Seçki Məcəlləsi”nə yalnız texniki dəyişikliklər edilməsi müxalifətin və vətəndaş cəmiyyətinin narahatlığına səbəb olub. Hətta məcəllənin ilkin variantı parlamentin müzakirəsinə çıxarılmış olsa belə, Venesiya Komissiyası ilə dəqiqləşdirilməli olan məqamlar kifayət qədərdir. Venesiya Komissiyası ilə danışıqların başa çatması da bizi narahat edir”.
Həmməruzəçilər bildirib ki, sərbəst toplaşmaq azadlığa, bu haqda qanundan qəbulundan daha çox, onun yerinə yetirilməsindən asılı olacaq. O, “Seçki Məcəlləsi”nə təklif edilən son dəyişiklikdə dövlət televiziyasında namizədlərin təbliğatının dayandırılmasının yolverilməz olduğunu deyib: «Bütün namizədlər dövlət televiziyasından bərabər istifadə etməlidir».
A.Herkel hökuməti müxalifətə aksiyalar keçirməyə imkan yaratmağa çağırıb: «Müxalifəti isə prezident seçkisində iştirak etməyə dəvət etdik. Boykot qərarı yanlışdır»-deyə o qeyd edib.