AŞPA məruzəçiləri Azərbaycanda siyasi məhbus, mətbuat azadlığı məsələsini və seçki qanunvericiliyini müzakirə edir  

Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkovanin Azərbaycana səfəri başlayıb. Məruzəcilər bu gün qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri və siyasi partiya təmsilciləri ilə görüşlər keçirib. Cənab Herkel jurnalistlərə bildirib ki, səfər zamanı siyasi məhbuslar “Seçki Məcəlləsi”ndə və «Sərbəst toplaşma azadlığı haqqında» qanunda dəyişiklik edilməsi məsələsi diqqət mərkəzində olacaq. “Siyasi məhbuslar, jurnalistlərin azadlığı məsələsi son zamanlar xüsusilə diqqətimizdədir. İqtisadiyyatda sürətli inkişaf olduğu kimi, demokratiya sahəsi də sürətlə inkişaf etməlidir. Hesab edirik ki, prezident seçkilərinədək siyasi məhbus, mətbuat azadlığı, Seçki Məcəlləsi” ilə bağlı məsələlər həllini tapsa yaxşı olar”. Həmməruzəçilərin qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri və siyasi partiya təmsilçiləri ilə görüşünün əsas məzmunu da siyasi məhbus, mətbuat azadlığı və bu il keçiriləcək prezident seçkiləri ilə bağlı məsələlər təşkil edib. İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov işgəncə faktları barədə hərtərəfli fikir mübadiləsi aparıldığını deyib. “Sülh və Demokratiya” institutunun direktoru Leyla Yunus isə siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin edilməsini vacib satır. Siyasi partiya təmsilçiləri də görüşdə prezident seçkiləri, siyasi məhbuslar və mətbuat azadlığından danışıb. Bu barədə “Amerikanın səsi” radiosuna “Müsavat” partiyasının başqanı İsa Qəmbər deyib.