Azərbaycanda blogerlərə qarşı daha bir ittiham irəli sürülüb

Həbsdə olan gənc blogerlər Adnan Hacızadə və Emin Milliyə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər yetirmə maddəsi ilə yeni ittiham irəli sürülüb.
Bu barədə vəkil İsaxan Aşurov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də xuliqanlıq ittihamı ilə polis tərəfindən saxlanılıb. Hər iki gənc kafedə digər iki gəncin hücumuna məruz qaldığı ilə bağlı polisə müraciət edib. İstintaq isə blogerləri zərərçəkmiş kimi tanınmayıb, basqında ittiham edib.
Vəkil blogerlərə qarşı ittihamın ləğv edilməsi əvəzində, əksinə, daha da sərtləşdirildiyini diqqətə çatdırıb. Onun fikrincə, xuliqanlıq və bədənə az ağır zərər yetirmə maddələri media üçün tanışdır və 2007-ci ilin noyabrında bu ittihamlarla “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid 4 il azadlıqdan məhrum edilib.
Cənab Aşurov istintaqın qanunauyğun aparılmadığını və artıq başa çatdığını bildirib. O vəkillərin məhkəmə prosesinədək blogerlərin müdafiəsindən uzaqlaşdırılacağından ehtiyatlanır.
Vəkil hesab edir ki, hakimiyyətin məsələ ilə bağlı mövqeyini sərtləşdirməsi həm də beynəlxalq ictimaiyyətin blogerlərin həbsdən azad edilmə tələbi ilə Azərbaycan hökumətinə müraciətinə cavabdır.
Adnan Hacızadənin atası. Azərbaycan baş nazirinin keçmiş müavini, hazırda müxalifətdə olan Hikmət Hacızadə blogerlərin həbsinin ölkədə mübariz bir gənc nəslin yetişdiyini üzə çıxardığını deyib.
Cənab Hacızadənin fikrincə, blogerlərin həbsi həm də ölkədə Facebook və Twitter sosial şəbəkələrini daha da populyar edib. O hesab edir ki, bütün bunlar müdafiənin yaxşı təşkilinin nəticəsidir.
Vəkil İsaxan Aşurov isə gənclərlə həbs zamanı gobud
rəftar və müdafiə hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət edildiyini deyib. Onun fikrincə, bu Avropa İnsan Haqları Konvensiyasının pozulması deməkdir.