Amnesty International Azərbaycanda məcburi köçkünlər və söz azadlığı ilə bağlı tədqiqatlar aparır 

Amnesty International beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi problemləri və söz azadlığının vəyiyyətinin araşdırılması üzrə proqram həyata keçirir. Bu barədə Bakıda səfərdə olan təşkilatın Avropa və Mərkəzi Asiya proqramının tədiqatçısı Lorens Broers (Lorens Broers) «Amerikanın səsi» radiosuna müsahibəsində bildirib. Tədqiqatçı Azərbaycanın Goranboy və Sabirabad rayonlarında məcburi köçkün düşərgələrinə, Sumqayıt və Bakı şəhərlərində köçkünlərin sığındığı yaşayış yerlərinə baş çəkib. Cənab Broers müşahidələrindən sonra Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb və tövsiyələrini onun nəzərinə çatdırıb. «Hesab edirik ki, məcburi köçkünlərin yaşayış yerində qeydiyyata alınması onların ölkənin digər şəhərlərində iş axtarması hüququnu məhdudlaşdırır. Məcburi köçkünlər üçün şəhərcik və düşərgələr salındığı zaman da hakimiyyət onların vəziyyətini nəzərə almalıdır. Belə düşərgələr, praktik olaraq, əkinçilik üçün yararsız, su olmayan yerlərdə yaradılır. Şəhərciklər cəbhə xəttinə yaxın zonada yerləşir ki, bu da hərbi əməliyyatların yenilənməsi zamanı növbəti dəfə köçmək təhlükəsi yaradır». Tədqiqatçının fikrincə, köçkünlərin yaşadığı yerlərdə tibbi xidmətin səviyyəsi yaxşılaşdırılmalıdır. «Mövcud xəstəxanalar dərmanla təmin edilmir, təmin edilirsə də, vaxtı keçmiş dərmanlarla təmin edilir. Belə ki, məcburi köçkünlər dərmanla təmin edilmədiyini bildirir. Köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün maddi yardımı artırmaq zəruridir və bunun üçün Azərbaycanın vəsaiti var». Ekspert hesab edir ki, hökumət məcburi köçkünlərin böyük repatriasiyası Proqramını elan etməlidir, hansı ki, bu proqramdan münaqişə həll olunarsa istifadə olunacaq. Qaçqınkomun sədri Əli Həsənov artıq belə bir proqramın hazırlandığını və beynəlxalq təşkilatların müzakirəsinə təqdim edildiyini deyib. «Azərbaycan Xarici İşlər nazirliyi isə bildirib ki, «Böyük Qayıdış» planı hazırda özünün hazırlıq mərhələsindədir. Plana uyğun olaraq «Çəkilən ziyana görə ödəmələr haqqında» qanun qəbul ediləcək. Fəaliyyət planına uyğun olaraq inkişaf edən standartlarda diqqət BMT-nin İnsan Haqlarına dair Şurasının müzakirəsində olan «Pinheyro Prinsipləri»nə yetirilməlidir. Ödəmələr və Kompensasiyalara dair istəinlən sənədləşməyə müharibədən əvvəlki yurdlarına qayıtmaq əvəzinə inteqrasiya və ya yerdəyişməyə üstünlük verən məcburi köçkünlər üçün ödəmə və kompensasiya da daxil edilməlidir. Amnesty International həmçinin münaqişənin artıq neçə illərdir davam etdiyi bir vaxtda köçkünlər üçün yaradılmış hər şeyin müvəqqəti xarakter daşıdığından narahatır». Təşkilatın araşdırdığı ikinci əsas istiqamət söz azadlığı sahəsində vəziyyətdir. Cənab Broersin sözlərinə görə, Azərbaycanda hazırki vəziyyət Amnesty International-ı ciddi narahat edir. «Hər şeydən əvvəl, bu, dövlət xadimlərinin jurnalistlərə qarşı münasibətinə, polis təzyiqinə, həmçinin professional vəzifələrinin yerinə yetirilməsi zamanı media işçilərinə qarşı zorakılığa aiddir». Tədqitatçının fikrincə, jurnalistlərə qarşı fiziki təzyiq edənlərin cəzalandırılmaması da ciddi narahatlıq doğurur. O bu narahatçılığın sırasında Elmar Hüseynovun qətlindən başlayaraq, jurnalistlərin həbsinə və mühakiməsinə qədər olan problemləri sadalayıb. "Bizi siyasi kontekstli həbslər narahat edir. Satirik yazar Mirzə Sakitin işi üzrə beynəlxalq standartlara uyğun təkrar məhkəmə keçirilməsini tələb edirik. Həmçinin böhtan ittihamından jurnalistlərin azadlıqdan məhrum edilməsi üçün istifadə edilməsi də narahatçılığa səbəb olur. Belə əməlləri cinayət qaydasında deyil, Mülki Məcəllə çərçivəsində cəzalandırmaq lazımdır. Böhtan ittihamı ilə beş jurnalist həbsdədir. Eynulla Fətullayevin vəziyyəti, Rafiq Tağı və Samir Sədaqətoğlunun işi də çox narahatedicidir. Amnesty International bu məsələ ilə bağlı bəyanatla çıxış etmək niyyətindədir». Cənab Broers söz azadlığı sahəsində vəziyyətin seçkiqabağı ərəfədə yaxşılaşa biləcəyinə ümid etdiyini bildirib. "Biz vəziyyəti çox diqqətlə izləyəcəyik, dövlət xadimləri və polisin jurnalistlərə münasibətdə davranışını xüsusi diqqətlə izləyəcəyik", - deyə o qeyd edib.