ABŞ və Azərbaycan təhsil sahəsində əməkdaşlığın yeni mərhələsini müzakirə edir

ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə köməkçisinin müavini Tomas Farelli Azərbaycanda şərəfdədir. O səfəri zamanı prezident İlham Əliyev, təhsil naziri Misir Mərdanov, maliyyə və iqtisadi inkişaf naziri ilə görüşüb, bir sıra universitetlərə baş çəkib. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, T.Farellinin səfəri iki dövlət arasında təhsildə olan mübadiləni genişləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, indiyədək artıq iki mindən çox azərbaycanlı Amerika universitetlərinə göndərilib. "Mübadilə proqramı çərçivəsində amerikalılar da Azərbaycana gəliblər, lakin onların sayı istədiyimiz qədər deyil. Çalışacağıq ki, Azərbaycana mübadilə proqramları çərçivəsində gələn amerikalıların sayının artırılması üçün yaradıcı yollar tapaq. Hər il yüz nəfərdən çox azərbaycanlının ABŞ-da təhsil almasını nəzərdə tutan proqramları davam etdirmək fikrindəyik. Lakin istərdik ki, daha çox azərbaycanlı belə imkan əldə etsin. Yeni Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində də minlərlə insan ABŞ-da və digər dövlətlərdə təhsil alacaq". T.Farelli isə səfəri zamanı təhsil sahəsində yeni əməkdaşlıq məsələlərini müzakirə etdiyini deyib. "Prezident İlham Əliyevlə görüşdə təhsil sahəsində yeni əməkdaşlığı müzakirə etdik. Prezident mənə bəzi mesajlar verdi. ABŞ Azərbaycana təhsillə bağlı ayırmalarını eyni səviyyədə saxlayacaq, eyni zamanda tələbələrin sayının artırılmasını düşünəcək. Biz informasiya texnologiyaları, mühəndislik, ingilis, azərbaycan dillərinin tədrisi və elm sahəsində boşluqların doldurulmasını istəyirik. Məqsədimiz Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması, innovasiya cəmiyyətinin qurulmasıdır. “ Onun fikrincə, iki ölkə gələcəkdə azərbaycanlı tələbələrin ABŞ-da təhsil almasını birgə maliyyələşdirə bilər. "ABŞ istəyir ki, Azərbaycanla təhsil sahəsində əməkdaşlığı Çin, Yaponiya, Braziliya, Almaniya və Türkiyə kimi olsun. Yəni təhsil proqramlarının maliyyələşməsində bölüşmə prinsipini tətbiq edək. Bu Fullbrayt proqramıdır. Proqramın əhəmiyyəti iki dilli və iki dövlətə məxsus olmasıdır. Proqram birgə işlənir, birgə maliyyələşdirilir, bərabər tərəfdaşlığı və iştirakı nəzərdə tutur. Əgər Azərbaycan öz tələbələrini çox görmək istəyirsə maliyyə payını da artıra bilər.” Dövlət Departamentinin rəsmisi həmçinin ABŞ-ın Azərbaycanda təhsil islahatlarına kömək etməyə hazır olduğunu deyib. “Biz Azərbaycanda təhsildə qabiliyyətin və keyfiyyətin qaldırılması sahəsində kömək etməyə hazırıq. ABŞ Azərbaycanda Xarici Dillər Universitetində ingilis dili mərkəzi yarada bilər.” Təhsil naziri Misir Mərdanov isə Azərbaycanın 2015-ci ilədək 5000 vətəndaşın xaricdə təhsilini nəzərdə tutan dövlət proqramını həyata keçirdiyini deyib. "Biz istəyirik ki, proqram çərçivəsində ABŞ-da təhsil alanlar çox olsun" - deyə o qeyd edib.