ABŞ Dövlət katibinin müavini Barri Lovenkrounun Azərbaycana səfəri davam edir. O, bu gün ölkənin aparıcı mətbuat orqanlarının redaktorları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, hüquq müdafiəçiləri və siyasi partiya liderləri ilə görüşlər keçirib.
Cənab Lovenkroun Azərbaycan Xarici Dillər universitetində tələbələr qarşısında dünyada və Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı geniş nitq söyləyib. Dövlət katibinin müavini bildirib ki, dünyada siyasi və şəxsi azadlıqlar daim artan tələbatı hiss edirik və Azərbaycan da bu sırada istisna deyil. «Hər hansı dövlətdə inkişafı, tərəqqini, davamlı sabitliyi əldə etmək üçün insanların və vətəndaşların ehtiyacalarına həssas olan demokratik hökumətin olması zərurəti çox yaxşı duyulur. Azərbaycan da bu sırada istisna deyil. Azərbaycan ABŞ hökumətinin çox yaxın dostudur. Azərbaycan 11 sentyabr terrorundan sonra Amerikaya köməyini təklif edən və baş sağlığı verən ilk ölkələrdəndir. Hazırda beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırıq. İraqda və Əfqanıstanda sülhyaratma əməliyyatlarında beynəlxalq qüvvələrlə çiyin-çiyinə durur. Azərbaycan ərazisi vasitəsilə təyyarələrin uçmasına və enib-qalxmasına icazə verib».
Cənab Lovenkrounun fikrincə, ABŞ-ın Azərbaycanla əməkdaşlığı mükəmməl inkişafdadır və üç əsas prinsipə əsaslanır. «ABŞ-ın Azərbaycanla münasibətləri - regional və qlobal təhlükəsizliyin təmin edilməsinə, qlobal enerji təhlükəsizliyinin yaradılmasına, demokratiyanın və azadlığın Azərbaycanda inkişafına əsaslanır. Bu amillər bir-birini gücləndirir və Azərbaycanın dünyəvi, sabit və təhlükəsiz dövlət olması üçün çox vacibdir. Bunlar həmçinin ABŞ-Azərbaycan əlaqələrində çox böyük əhəmiyyət kəsb edir».
Dövlət katibinin müavini nitqinin əsas hissəsini ABŞ-Azərbaycan əlaqələrində demokratiya və insan azadlıqları sahəsinə həsr edib. O bildirib ki, dünyada demokrartiyanın vahid modeli olmasa da eyni prinsipləri var. «Dövlətlər vətəndaş cəmiyyətlərinə töhvələr verməklə insanların hüquqlarına hörmətlə yanaşmalıdır».
Cənab Lovenkroun hesab edir ki, enerji gəlirləri Azərbaycanın qarşısında yeni imkanlar açır və eyni zamanda ölkə yeni çağırışlarla da qarşılaşa bilər.«Mümkün problemlərin qarşısını almaq üçün güclü demokratik institutlara ehtiyac var. Azərbaycanda demokratik inkşaf üçün mühüm əhəmiyyət kəsb edən beş mühüm amil var. Bunlar qanunun aliliyi, azad və ədalətli siyasi sistemin mövcudluğu, media azadlığı, insan hüquqlarına hörmət və ictimai-siyasi proseslərdə fəal iştirak etməyə hazır olan yüksək təhsilli vətəndaşların olmasıdır. Qanunun aliliyi dedikdə, güclü demokratiya müstəqil və korrupsiyadan azad hüquq sistemi tərəfindən dəstəklənməlidir. Azərbaycan öz hüquq sisteminin inkişafında artıq müəyyən irəliləyişə nail olub, hakimlərin seçkisi şəffaf keçib. lakin bu sahədə gələcək islahatlara ehtiyac var. Belə ki, hakim və prokurorların professionallığına, vətəndaşların hüquqi mühafizəsinin təkmilləşdirilməsinə, ixtisaslaşdırılmış vəkillər korpusunun formalaşdırılmasına nail olmaq lazımdır. Hüquq mühafizə orqanları işçilərinin özbaşınalığına yol verməmək üçün, həmçinin polis sistemində də islahatlar aparmaq lazımdır».
O hesab edir ki, azad və ədalətli siyasi sistemə gəldikdə, bütün partiyalar üçün bərabər imkanlar yaradılmalı, sərbəst toplaşmaq və fikir azadlığını, hakimiyyət nümayəndələrinin sərbəst seçimi təmin edilməlidir. «Vətəndaşlar tərəfindən seçilmiş qanunvericilər ölkənin siyasi gündəliyinin müəyyənləşdirilməsində fəal və müstəqil rol oynamalıdır. Seçkilərin beynəlxalq standarlara uyğun gəlməsi üçün Azərbaycan hökumətini seçki islahatları aparmağa çağırırıq. ABŞ öz tərəfindən seçki prosesinin təkmilləşdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirmək niyyətindədir. Azad və müstəqil media demokratiyanın müdafiəsində mühüm rol oynayır. Hər bir insan senzuradan azad mənbədən informasiya almaq hüququna malik olmalıdır».
Cənab Lovenkroun son zamanlar Azərbaycanda mətbuat sahəsində baş verənlərdən narahat olduğunu bildirib. "Jurnalistlərin fiziki hücumlara məruz qalması, KİV-lərin öz ofislərindən köçürülməsi, müxbirlərə qarşı məhkəmələr, ANS telekanalının bağlanması, bütün bunlar Azərbaycanın inkişafına əngəl yaradır. ANS-in yayımının bərpa edilməsini alqışlayırıq və hökuməti telekanalın lisenziyası məsələsini də həll etməyə çağırırıq. Lakin medianın azadlığı yalnız bir KİV orqanının azadlığından asılı deyil. ABŞ Azərbaycan hakimiyyətini azad, müstəqil və professional mətbuatın fəaliyyəti üçün hüquqi çərçivəni müəyyən etməyə çağırır. Bu çərçivə jurnalistlərin hüquqlarını pozan şəxslərin cəzalandırılmasını, həmçinin böhtana görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutmalıdır».
O hökumətin insan hüquq və azadlıqlarına xüsusi qayğıyla yanaşmasının vacibliyini önə çəkib. «Vətəndaşlar təsadüfi həbslərdən, işgəncələrdən mühafizə edilməli, söz və toplaşmaq azadlığını həyata keçirmək imkanına malik olmalıdır. İnsan hüquqlarının pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi olduqca vacibdir. Hüqüq müdafiə sahəsində fəaliyyət göstərənlərə ABŞ dəstəyini əsircəməyəcək. Ölkədə özünü demokratik inkişafa həsr etməyə hazır olan yüksək təhsilli vətəndaşların olması da çox vacibdir. Azərbaycanda artıq vətəndaş cəmiyyəti mövcuddur, lakin o hələ ilkin mərhələdədir. Vətəndaş cəmiyyəti institutları inkişaf etməli və insanları ölkənin problemlərinin həllinə cəlb etməlidir».
Dövlət katibinin müavini suallara cavabda Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. O ABŞ hökumətinin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. «Mənim dost ölkəmin ən böyük problemi məni də narahat edir. ABŞ-ın bu münaqişənin həllinə dair mövqeyi belədir: Azərbaycanın ərazi bütövlüyününə tam şəkildə dəstək veririk, ATƏT-in Minsk Qrupuna əlimizdən gələni edəcəyik ki, hər iki tərəfi qane edən həll yolu tapılsın, eyni zamanda bütün vətğəndaşların və münaqişədən əziyyət çəkən insanların hüquqları qorunmalıdır».