ABŞ-ın dövlət katibi yanında dövlət planlaşdırması üzrə direktor Stefen Krazner və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Mətyu Brayzanın Azərbaycana səfəri başlayıb. Nümayəndə heyəti dövlət rəsmiləri və müxalifətdə olan siyasi partiya rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan-ABŞ əməkdaşlığı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, demokartiya və seçki məsələləri müzakirə olunub.
AzərTAC Dövlət agentilyinin məlumatına görə, nümayəndə heyətini prezident İlham Əliyev də qəbul edib.
Cənab Əliyev iki ölkə arasındakı tərəfdaşlığın regionun inkişafı üçün vacib amil olduğunu bildirib. «Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə ümidvaram».
Stefen Krazner Əfqanıstanda, Kosovoda və dünyanın digər qaynar nöqtələrində terror əleyhinə mübarizədə Azərbaycanın dəstəyinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini bildirib. «İki ölkə arasındakı münasibətlər mühüm xarakter daşıyır və əlaqələrimizin bir çox sahələrdə uğurla inkişaf etməsindən məmnunuq».
Son zamanlar ABŞ rəsmilərinin Azərbaycana səfəri intesiv xarakter alıb. Belə ki, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Fridin səfərindən dərhal sonra dövlət katibinin müşavirlərinin səfəri başlayıb. Bir neçə gün öncə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtonda olub. Aprelin 6-7-də isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət katibi Kandaliza Raysla görüşü gözlənilir.
Politoloq Rasim Musabəyov qarşılıqlı səfərlərin çoxalmasını Ermənistan-Azərbaycan münaqişəsi və İran ətrafındakı vəziyətlə əlaqələndirir. Onun fikrincə, bu səfərlər Azərbaycanın geopolitik əhəmiyyətinin artmasından xəbər verir.
Politoloq hesab edir ki, İran problemi ilə bağlı regionda yarancaq digər təhlükəsizlik məsələləri də müzakirələrdə əsas yer tutur. Onun fikrincə, Azərbaycanda ictimai rəyin öyrənilməsinin ABŞ üçün böyük əhəmiyyəti var.
Cənab Musabəyov ehtimal edir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 6-7-də reallaşacaq Vaşinqton səfərində də İran ətrafında yaranmış vəziyyət və Ermənistan-Azərbaycan münqaişəsinin nizamlanması yolları müzakirə ediləcək.