Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran qazı verilir

Bu gün İran qazının Naxçıvan MR-yə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Təntənələrdə Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Mahmud Əhmədinijad iştirak edib. İlk öncə prezidentlər Naxçıvan Ali Məclisinin binasında təkbətək və geniş tərkibdə görüşlər keçirib. Danışıqların yekunu olaraq dövlət başçıları Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb. Prezidentlər bildirib ki, qaz nəqli layihəsinin reallaşması Azərbaycanla İran arasında dost münasibətlərdən xəbər verir. Dövlət başçıları bəyan edib ki, mehriban münasibətlər nəinki iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir, həm də regional təhlükəsizlik üçün mühüm amildir. İran prezidenti Azərbaycanı dost və qardaş ölkə adlandırıb. «"İran Azərbaycanla dost və qardaş münasibətlərini heç cür məhdudlaşdırmır. İranla Azərbaycan arasında münasibətlər çox yaxşı səviyyədədir və hər iki ölkənin məsul şəxsləri ikitərəfli əməkdaşlığın gələcək inkişafında iradəlidir. Azərbaycan prezidentilə görüş və danışıqlarda əmin oldum ki, iki dövlət arasında əlaqələrin təməli möhkəmdir və bu əlaqələrin gələcəkdə də davamı üçün iradəmiz var. İrandan Naxçıvana qaz nəqlinin başlanması münasibətlərin dərinləşməsi yolunda bir addımdır. İki ölkə arasında bir çox istiqamətlərdə iş aparılır. Bura iqtisadiyyat, siyasət, neft-qaz, regional və beynəlxalq məsələlər, Xəzər problemi daxildir»-deyə o cənab Əhmədinejat qeyd edib. Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Bakı və Tehran arasında münasibətlər zirvədədir. "Biz İranla iqtisadi sahədə uğurlu əməkdaşlıq edirik. Naxçıvana qaz nəqli də bunu bir daha sübut edir". Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsilə bağlı mövqeyinə görə İran tərəfə təşəkkürünü bildirib. "İran beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir və buna görə ona minnətdarıq"-deyə o qeyd edib. Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev Amerikanın səsi radiosuna bildirib ki, bir il öncə bağlanmış Sazişə uyğun olaraq ilkin mərhələdə İran qazı Naxçıvan şəhərinə və daha yeddi rayon mərkəzinə daxil olacaq. Sonrakı mərhələlərdə qaz bütün muxtar respublikanı əhatə edəcək. İrandan nəql olunacaq qazın maksimal həddi 2007-ci ildə artaraq hər il 350 mln. kubmetr təşkil edəcək. 2006-cı ildə idxal olunan qazın həcmi 250 mln. kubmetr, bu il isə 50 mln. kubmetr olacaq. O İran qazının Naxçıvana verilməsini tarixi hadisə adlandırıb. Nazir hesab edir ki, Ermənistan tərəfdən iqtisadi blokadaya alınmış Naxçıvan Muxtar Respublikasının nəhayət on beş ildən sonra qazla təmin olunması bu bölgədə enerji çatışmamazlığını minimuma endirəcək. Cənab Əliyevin fikrincə, Naxçıvana qazın verilməsi burada elektrik enerjisi istehsalı və sənayenin inkişafında da mühüm addım olacaq. Müstəqil politoloq Rasim Musabəyov da iki ölkə arasındakı iqtisadi münasibətlərin genişlənməsini müsbət qarşılayır. Onun fikrincə, Azərbaycan və İran münasibətləri potenisalının hələ az bir hissəsindən istifadə edilir. Politoloq hesab edir ki, Azərbaycan İran iqtisadi münasibətləri daha da inkişaf etməlidir. O Naxçıvana İran qazının verilməsini mühüm kimi qiymətləndirsə də iki ölkənin enerji ehtiyatları fonunda bunun kiçik bir miqdar olduğunu deyir.