Bu gün İraqın mərkəzi və şimal bölgələrində 13 adamın ölümülə nəticələnmiş yeni zorakılıqlar baş verib. Mosulda militantların sünnü siyasətçi Favaz əl-Carbanın evində həyata keçirdiyi hücum zamanı 7 nəfər ölmüş, üç adam yaralanmışdır. Bağdadda Neft nazirliyinin yüksək səviyyəli rəsmisi Əli Hamid evinin qarşısında güllə ilə vurulub ölüdürülmüşdür. Bir Amerika əsgəri isə yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olmuşdur. Şimalda Baquba şəhərində də yol kənarına yerləşdirilmiş bombanın partlaması iki polisin ölümünə səbəb olmuşdur. Səmarra şəhərində polis nəfəri və onun atası güllə ilə vurulub öldürülmüşlər. Bu gün habelə İraqa səfər edən İranın xarici işlər naziri Kamal Xərrazi Nəcəfdə İraq şiələrinin ən yüksək səviyyəli nümayəndəsi Ayatolla Əli əl-Sistani ilə görüşüb. Görüşün təfərrüatları məlum deyil, lakin hər iki lider İraqda sakitliyə çağırmışlar.