Dövlət Departamenti terrorizmə dair yeni hesabatını açıqlayıb - 2005-04-28

Dövlət Departamentinin qlobal terrorizmlə bağlı yeni hesabatına əsasən, Əl-Qaidənin qalıqları Amerika Birləşmiş Ştatlarına əsas təhlükə olaraq qalır, lakin qrupun rəhbərliyi və təşkilatda fəalların sayı əvvəlki kimi deyil. Sənəddə göstərilir ki, Əl-Qaidə həbslər və ABŞ və onun terrorizmə qarşı müharibədə tərəfdarşlarının həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində zəifləmişdir. Lakin hesabatı hazırlayanlar qeyd edir ki, Əl-Qaidənin əsas liderləri hələlik öz vəzifələrində qalır və təşkilat öz ideologiyasını dünya üzrə yaymağa davam edir. Dövlət Departamentinin əvvəlki hesabatlarından fərqli olaraq, burada keçən il ərzində dünya üzrə həyata keçirilmiş terror aksiyalarının sayı göstərilməyib. Dövlət Departamentinin rəsmilərinin bildirdiyinə görə, rəqəmlər terror hücumu kimi səciyyələndirilən aktların müəyyənləşdirilməsi yollarında problemlərə görə bu dəfə göstərilməyib.