BMT-nin Livan üzrə xüsusi elçisi Terje Roed-Larsen Suriya hərbi qüvvələrinin və kəşfiyyat xidməti əməkdaşlarının Livandan çıxarılması məsələsini həmin ölkənin liderləri ilə müzakirə edib. Livanın Müdafiə Naziri Mahmud Hamud cənab Roed Larsenə deyib ki, aprelin 7-də Suriya - Livan birgə hərbi komisiyasının yığıncağında Suriya qoşunlarının çıxarılmasına dair detallar müəyyən ediləcək. Cənab Roed-Larsen bildirib ki, o suriyapərəst hökumətin və müxalifətin liderləri ilə Livandakı siyasi vəziyyəti müzakirə edib. O, bu görüşləri səmərəli və səmimi adlandıraraq söyləyib ki, səfərinin məqsədi BMT Təhlükəsizlik Şurasının 1559-saylı qətnaməsinin şərtlərinə riayət etməsinə nail olmaqdır. Qətnamədə Suriyadan 14 minlik hərbi qüvvələrini Livandan çıxarmaq tələb olunur. Cənab Roed Larsen bildirib ki, Suriya prezidenti Bəşar Əl-Əsəd ona öz hərbi qüvvələrini Livandan çıxaracağına söz verib. Bu həftə BMT-nin baş katibi Kofi Annanla keçirəcəyi görüşündə cənab Əl-Əsəd Suriya hərbi və kəşfiyyat qüvvələrinin Livandan çıxarılmasının tarixi barədə məlumat verəcək. Cənab Roed Larsen Beyrutda olarkən Livanın Nabatiyəh şəhərində suriyapərəst Hizbullah qrupu Suriya hərbi qüvvələrinin Livandan çıxarılmasına qarşı izdihamlı nümayiş təşkil edib. Bu indiyə qədər Suriya leyhinə təşkil edilmiş ikinci izdihamlı nümayişdir. Suriya hərbi qüvvələrinin Livandan çıxarılmasını qətiyyətlə tələb edən livanlılar bazar ertəsi yenidən izdihamlı bir nümayiş təşkil etməyi planlaşdırırlar.