ABŞ prezidenti Corc Buş "Azadlığa Dəstək Aktı"ının Azərbaycana yardımı qadağan edən 907-ci düzəlişinin qüvvəsinin müvəqqəti dayandırılması müddətinin uzadılması haqqında Memorandumu Dövlət katibinə göndərib. Memorandum 907-ci düzəlişin qüvvəsinin 2005-ci ildə də müvəqqəti dayandırılmasını nəzərdə tutur. Prezident Corc Buş bildirib ki, ABŞ terrorizmə qarşı mübarizədə Azərbayganın dəstəyini və Amerika bu mübarizədə koalisiya tərəfdaşlarının mənafeyini nəzərə alıb. "Habelə, Azərbaycan sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsini dəstəkləmək üçün xarici əməliyyatlar, ixrac-maliyyə təxsisatının proqramlarını nəzərə alaraq, mən bu sənədlə qərara alır və təsdiq edirəm ki, "Azadlığa Dəstək Aktı"nın Azərbaycan hökumətinə yardımla bağlı 907-ci düzəlişinin müvəqqəti dayandırılması müddəti uzadılsın. Bu qərar Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllinə dair davam edən danışıqlara mane olmayacaq və ya Ermənistana qarşı istifadə olunmayacaq"-deyə dövlət başçısı sənəddə qeyd edir. Bildirək ki, "Azadlığa Müdafiə Aktı"na Azərbaycana ABŞ-ın dövlət yardımlarını qadağan edən 907-ci düzəliş 1992-ci ildə qəbul olunub. 2002-ci ilin yanvarında ABŞ prezidenti ilk dəfə 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar qəbul edib. Ekspertlər hesab edir ki, bu qərarın qəbuluna 2001-ci il 11 sentyabr terror hadisələrindən sonra ABŞ qoşunlarının Əfqanıstan ərazisində əməliyyat aparması səbəb olub. Belə ki, Azərbaycan terrorizmə qarşı mübğarizədə ABŞ dəstəkləyən ilk dövlətlərdəndir və öz ərazisindən Əfqansıtana təyyarələrin uçuşuna icazə verib.