Human Rights Watch təşkilatı ötən ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşdiyini deyir - 2005-01-14

Bu günlərdə nüfuzlu Human Rights Watch təşkilatı 2004-cü ilin yekunlarına həsr olunmuş illik hesabat açıqlayıb. Dünyanın müxtəlif yerlərində insan hüquqlarının pozulmasını işıqlandıran bu hesabatda Azərbaycanın da adı yer alıb. Ötən ildə insan hüquqları sahəsində Azərbaycanda vəziyyətin daha da pisləşdiyini vurghulayan hesabat bu ölkədə bilavasitə polis rejiminin mövcudluğu haqda təsəvvür yaradır.

Human Rights Watch Azərbaycana aid hesabatının ilk cümlələri belə başlayır: Azərbaycan hökuməti uzun illərdir ki, mülki cəmiyyət yaratmağa çalışan qruplara təzyiq göstərir, arbitrar şəkildə tənqidi çıxışları və siyasi fəallığı məhdudlaşdırır. Beynəlxalq və daxili müşahidəçilərin kütləvi saxtakarlıqlar qeydə aldığı 2003-cü il Oktyabr prezident seçkilərindən sonra hökumət bu mənfi istiqamətdə tempi bir az da gücləndirib. Belə ki, 2003-cü il seçkilərində zorakılıq törətməkdə günahlandırılan müxalifət nümayəndələrinin məhkəməsi ədalətli olmadı və bir daha sübut etdi ki, Azərbaycanda hökumət məhkəmə sistemindən öz siyasi rəqiblərini susdurmaq vasitəsi kimi istifadə edir. Vətəndaşlara qarşı işgəncə, həddən ziyadə zor işlətmiş dövlət rəsmilərinə qarşı yönəldilən cəzasızlıq siyasəti isə göstərdi ki, hökumət milli barışıqda maraqlı deyil. Hazırda müxalifətdə olan qüvvələrin toplaşma azadlığı yoxdur; müstəqil və müxalifətçi mətbuat isə öz işlərində iri əngəlliklərlə üzləşirlər.

Həbsdə olan insanlara qarşı tətbiq edilən zorakılıqları işıqlandıran hesabat bu ölkədə insanların polis məntəqələrində bir qayda olaraq vəhşicəsinə döyüldüyünü bildirir. Azərbaycan polisi işgəncə metodu kimi insan bədəninə elektrik cərəyanı tətbiq edir və tutulanları zorlama ilə hədələyir. Ötən il ərzində Azərbaycan hökuməti bu cür halların aradan qaldırırlması üçün heç bir ciddi tədbir görməyib və bunun nəticəsi olaraq bu vəziyyət indiyə kimi də davam edir.

Prezident seçkilərindən sonra baş vermiş repressiyalara diqqət yetirən hesabatda yazılır ki, yüzdən çox həbs edilmiş müxalifət partiyası üzvlərinin yalnız 4-ü ilkin müddətdə azad olunmuşdu. Yerdə qalanlarıisə minimum 6 ay müddətinə həbsdə saxlanıb. Oktyabrın 22-də, Ağır Cİnayətlərə Dair Məhkəmə 7 müxalifət liderini illərlə həbsə məhkum edib. Proses zamanı ittihamıların şahidləri öz ifadələrini geri götürərək bunları işgəncə və hədə-qorxu atmosferi altında verdiklğərini bəyan etdilər. Ümumiyyətlə hakimlərin bu ciddi qanun pozuntularını qulaqarında vurmasını, hesabat müəllifləri Azərbaycan məhkəmə sisteminin qeyri-müstəqil olması ilə əlaqələndirirlər. Ölkədə ciddi sayda siyasi məhbuslar var və onların əksəriyyəti məhbəsə müstəqil məhkəmə tərəfindən yox, prezident apparatı tərəfindən göndəriliblər.

Azərbaycanda mətbuat azadlıqlarına qoyulan kəskin məhdudiyyətlərdən yazan Human Rights Watch bütün televiziya kanalllarının hökumətin nəzarəti altında olduğunu bildirir. Belə ki, Azərbaycanda rejim ona tənqidi münasibət bəsləyən xəbərlərin əhaliyə çatıdırlmasının qarşısını daim almağa çalışır. Hökumət televiziya və radio yayımlanması ilə bağlı lisenziya verilməsi prosesinə tam nəzarət edir. Bundan əlavə qeyri-müstəqil məhkəmələrin əli ilə hökumət nəşri mətbuat orqanlarına qarşı iddialar qaldırır və onlara maliyyə baxımdan şikəstedici cərimələr tətbiq edir. Hesabat bu ötən ildə Azərbaycanda bir neçə jurnalistin oğurlandığını və onlara qarşı ağır fiziki zorakılıq hallarının işlədildiyini vurğulayır.