Səddam Hüseynin silahdaşlarından ikisi dindirilməyə başlayıb - 2004-12-18

Bəşəriyyətə qarşı cinayət maddələri üzrə məhkəməyə hazırlıq prosesinin tərkib hissəsi olaraq İraq hakimləri Səddam Hüseynin 11 yaxın silahdaşından ikisini dindirməyə başlayıblar. Xüsusi Tribunalın aparıcı hakimi Raad əl-Cuhyi bildirir ki, Səddamın “Kimyəvi Əli” ləqəbi ilə tanınan əmisi oğlu Əli Həsən əl-Məcid bu gün keçmiş müdafiə naziri general Sultan Haşim Əhmədlə birgə hakimlər qarşısına çıxıb. Dinləmələr bu adamlara qarşı irəli sürülən ittihamları nəzərdən keçirərək əldə olan dəlillərə və sübutlara baxacaq və onların mühakimə edilib-edilməyəcəyi haqda qərar qəbul edəcək. Belə görünür ki, Səddam Hüseynin özü lap sonda mühakimə ediləcək. Hələlik Kimyəvi Əliyə qarşı rəsmi ittiham açıqlanmasa da gözlənilir ki, o, ölkənin Kürd və Şiə əhalisinə qarşı cinayət törətməkdə və qonşu Küveytə təcavüz etməkdə günahlandırılacaq.