22 nəfər Taliban döyüşçüsü ələ keçirilib - 2004-08-28

Əfqanıstanın cənubundakı Zabul əyalətində Amerika və Əfqan əsgərləri ilə yaraqlılar arasında baş verən döyüşlər nəticəsində Taliban hökumətinə sadiq 22 nəfər tutulub. Zabul əyalətinin rəsmiləri deyirlər ki, Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri və Əfqan əsgərləri vətəndaşların təhlükəsizliyini təmin etmək üçün irimiqyaslı hərbi əməliyyata başlayıblar. Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi mayor Skot Nelson Kabildə müxbirlərlə söhbətində bu əməliyyatın həyata keçirildiyini təsdiq edərək əlavə edib ki, Xost əyalətində koalisiya qüvvələri Taliban döyüşçüləri olmaqda şübhələnilən yaraqlılar tərəfindən şiddətli atəşə məruz qalmışlar. Koalisiyanın Xost əyalətində həyata keçirdiyi əməliyyatın əsas məqsədi minaları təmizləməkdir. Bu arada Əfqanıstan hökuməti yaraqlı qruplaşmanın komandiri Əmənulla Xanın Heratdan Kabilə gətirildiyi barədə yayılan xəbəri təsdiq edib. Əmənulla Xanın yaraqlıları bir az əvvəl Heratın valisi İsmayıl Xana sadiq olan qüvvələrlə toqquşmuşdu. Ümumiyyətlə, yaraqlı qruplar arasında gedən atışmalar və Taliban qalıqlarının hücumları oktyabrda keçiriləcək prezident seçkilərinə böyük əngəllik törədir.