İraqda bomba hücumu nəticəsində ölənlər və yaralananlar var - 2004-07-14

Bağdadda müvəqqəti hökumətin baş qərərgahının yaxınlığında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 10 iraqlı həlak olmuş, bir Amerika əsgəri də daxil edilməklə 40-dan çox adam müxtəlif bədən xəsarəti almışdır. Müvəqqəti hökumətin baş naziri Əyad Əlavi bu hücumu İraq xalqına qarşı əməliyyat adlandıraraq caniləri ədalət məhkəməsinə çıxaracağına and içib. Bu gün yerli vaxtla təxminən səhər saat 9:20-də bir intiharçı içərisində bomba olan maşını Yaşıl Zonanın əsas qapısının yaxınlığına sürmüş və orada partlatmışdır. Bu məntəqədə müvəqqəti hökumətin idarəsi və Birləşmiş Ştatların səfirliyi yerləşir. Bundan başqa bu məntəqədə çox sayda iraqlı iş tapmaq məqsədi ilə səhər tezdən növbədə dayanır. İntiharçının hücumu nəticəsində yaxınlıqdakı binaların pəcərə şüşələri sınmış və onların qırıntıları bir neçə kilometr məsafəyə səpilmişdir. Bugünkü partlayış milli bayram gününə təsadüf edir. Buna görə də dövlət idarələri bağlıdır. 1958-ci il iyunun 14-də İraqda monaxiya devrildiyinə görə milli bayram elan edilmişdi. Bugünkü əməliyyat bir neçə həftə ərzində baş vermiş ilk güclü partlayışdır. Bu arada bu gün yaraqlılar tərəfindən girov saxlanılan iki bolqardan birinin başının kəsildiyi bildirilir. Digər bolqarın taleyi məlum deyil. Yaraqlılar onu da 24 saat ərzində öldürəcəklərini bildiriblər. Bolqarıstan bildirib ki, o, hərbi qüvvələrini İraqdan çıxarmayacaq. Girov saxlanılan filippinli yük maşınının sürüçüsü Kruzun da taleyi məlum deyil. Filippin hökuməti yaraqlıların tələbi ilə İraqdakı 51 əsgərini vaxtından əvvəl çıxaracağını bildirib. Birləşmiş Ştatlar isə bildirib ki, terrorçularla danışıqlar aparmaq səhv hərəkətdir .