Iraqın cənubunda gedən döyüşlərdə 32 şiə yaraqlı qətlə yetirilib - 2004-05-23

İraqın cənubundakı Nəcəf və Kufə şəhərlərində Birləşmiş Ştatların hərbi qüvvələrilə radikal şiə ruhani Müqtəda əl-Sədrə sadiq yaraqlılar arasında baş vermiş döyüşlərdə 32 yaraqlı qətlə yetirilib. Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri deyirlər ki, Amerika əsgərləri Kufə şəhərinin Şəhlə məscidində reyd zamanı Sədrə sadiq 20 yaraqlını öldürüblər. Amerika əsgərlərinin tələfatı barədə məlumat əldə edilməyib. Hərbi qüvvələrin rəsmiləri həmçinin bildiriblər ki, koalisiya qüvvələri Şəhlə məscidində çox sayda minomyot, raket, qumbara, pulemyot və hərbi sursat tapıblar. Məscidə gedən müxbirlərsə bildiriblər ki, onlar döşəmədə çoxlu qan görmüşlər. Nəcəf şəhərinin yaxınlığında da koalisiya qüvvələrilə Müqtəda əl-Sədrə sadiq yaraqlılar arasında döyüşlərin getdiyi bildirilir. Amerikanın hərbi qüvvələri bundan əvvəl Kərbəla şəhərinə daxil olublar. Lakin onlar Müqtəda əl-Sədrə sadiq yaraqlıların müqavimətinə rast gəlməyiblər. Şəhər sakinləri deyirlər ki, yaraqlılar artıq şəhəri tərk ediblər. Müqtəda əl-Sədrin bir yardımçısı deyib ki, onun tərəfdarları və koalisiyanın qüvvələrinin rəsmiləri Kərbəla şəhərində bir aydan çox davam edən döyüşlərin dayandırılması və hərbi qüvvələrin şəhərdən çıxması barədə bir razılıq əldə edilməsi üzərində işləyirlər. Birləşmiş Ştatların rəsmiləri Müqtəda əl-Sədrin təslim olmasını və yaraqlıların tərksilah olmasıını tələb edirlər.