Amerika mətbuatı prezidentliyə namizəd Con Kerri barədə nə yazır? - 2004-04-25

İraqdakı vəziyyət Amerika seçicilərinin diqqətində mərkəzi yeri tutduqca, Prezident Corc Buş və onun Demokrat partiyasından olan rəqibi Con Kerri arasındakı fikir ayrılıqları bir az da kəskinləşir. Düzdür, hər iki namizəd Amerika qüvvələrinin tələsik İraqdan çıxarılmasınanın əleyhinədirlər və İraqda başlanılmış işi sona yetirmək əzmində olduqlarını bəyan edirlər. Amma İraqda demokratiya qurulmasını israr edən Prezident Buşdan fərqli olaraq, Senator Kerri daha çox həmin ölkədə stabilliyin yaranmasını əsas məqsəd hesab edir.

Senator Kerri öz mövqeyinin yumşaqlığını praqmatizmlə əsaslandırır. Amma Vaşinqton Post’un Demokratlara yaxınlığı ilə tanınan yazarı David Broder isə Con Kerrinin siyasi davranışının izahını kəmfürsətlikdə görür. Müəllif oxucuların diqqətinə çatdırır ki, İraqda itkilərin çoxalmasına baxmayaraq Prezident Buşun seçicilər arasında nüfuzu Kerriyə nisbətən daha da artıb. Prezidentin mətbuat katibi Matthyu Daud bunu prezident Buşun ağır vaxtda güclü liderlik keyfiyyəti nümayiş etdirməsi ilə izah edir. Bu fikirlə ümumən razılaşan müəllif Broder yazır: Bəzi Demokratlar Buşun əhali arasında nüfuzunun qalxmasına görə Respublikaçıların multi-milyon dollarlıq kampaniya reklamlarını qinayırlar. Bu reklamlarda Con Kerri dəmdəməki və mövqeyini tez-tez dəyişdirən siyasətçı kimi təqdim olunur. Amma bunun səbəbləri daha dərindədir. Kerri bu yaxınlarda NBC telekanalının tanınmış “Mətbuatla Görüş” proqramında verdiyi müsahibədə İraq məsələsində əvvəl və indi tutduğu mövqelərdəki təzadları əsaslandıra bilmədi. O, nəinki İraqda, habelə Amerikanın BMT, Kuba və bir sıra başqa ölkələrlə bağlı siyasətində bir vaxtlar tutduğu mövqeləri 180 dərəcə bucaqla dəyişməsinin səbəbini də izah etmədi. Müəllif sadalanan faktlardan bu nəticəyə gəlir ki, yığcam və ardıcıl prinsiplərə esaslanaraq siyasi karyerada müvəffəqiyyət əldə edən bir çox ictimai xadimlərdən fərqli olaraq, Con Kerrinin siyasi ambisiyasının bünövrəsində prinsiplər yox, daim ona xeyir gətirə biləcək mövzuların axtarışı dayanır.

Ola bilsin ki, namizəd Kerrinin bu yaxınlarda iddia olunan erməni soyqırımı barədə söylədiyi fikirlər də bu mövzu yığımına daxildir. Amerikanın Erməni Assambleyasının yaydığı mətbuat açıqlamasında Con Kerri Aprelin 24-nü Ermənı soyqırımının 89-cu ildönümü kimi qeyd edərək, Osmanlı Türklərini 1915 və 1923-cü illər arasında 1 milyon 500 min ermənini öldürməkdə ittiham edir. Erməni Assambleyası tərəfindən ermənilərin uzun müddətli təəssübkeşi adlandırılan cənab Kerri deyir: “Mən 1990-cı ildə Amerikanın erməni icması və Senator Bob Doulla birlikdə Aprelin 24-nün erməni soyqırımının xatirə günü kimi tanınması uğrunda gördüyüm işlə fəxr edirəm. Mən həmçinin ermənliər üçün vacib olan başqa məsələlərdə da onların tərəfində olmuşam. 1992-ci ildə Azadlığa Dəstək Aktına Amerika maddi yardımını Azərbaycana qadağan edən 709-cu əlavənin müəllifi məhz mən olmuşam. Bundan əlavə, başqa Konqresmenlərlə birgə mən Prezidentdən Türkiyəni Ermənistan üzərinə qoyduğu embarqonu qaldrımağa səsləməyi xahiş etmişəm.”

Bu arada Nyu York Taymz-da Cim Rutenberqin və Adam Naqurneyin yazdıqları məqalədə bildirilir ki, Prezident Buşun tərəfdarları Con Kerrinin milli müdafiə məsələsi üzrə keçmiş fəaliyyətini tənqid atəşinə tutan 10 milyon dollarlıq reklam kampaniyasına başlamaq ərəfəsindədir. İctimai tədbirlərlə müşaiyət olunacaq reklamlarda əsas məqsəd Con Kerrinin bu ağır vaxtlarda ölkəyə rəhbərlik etmək qabiliyyətində olmadığı vurğulanacaq. Senatda olduğu uzun müddətdə cənab Kerri Amerikanın müdafiəsinin gücləndirilməsinə yönəlmiş bir sıra qanun layihələrinə qarşı çıxıb. 1984-cü ildə o, öz seçki platformasını 27 silah sisteminin ləgv edilməsi və 18 başqa sistemdə ixtisar aparılması üzərində qurmuşdu. Hətta keçən il özünün Boston Qloub qəzetinə verdiyi müsahibədə Kerri vaxtilə tutduğu mövqelərin bəzilərini indi üzləşilən situasiya kontekstində axmaq adlandırıb. Bununla belə Buş kampaniyasının strateqləri Con Kerriyə rəhm göstərmək niyyətində deyillər. Respublikaçıların seçki kampaniyasının meneceri Ken Mehlman seçkilərdə əsas meyarın terra qarşı aparılan müarhibəveriln qiymətdən asılı olacağını deyir. “Noyabrın 2--də Amerika xalqı bu məsələdə öz seçimini etməli olacaq,” deyə məqalə cənab Mehlmandan sitatla bitir.