Iraqın əsas qanununun imzalanması təxirə salınıb - 2004-03-05

İraqın müvəqqəti konstitusiyasının imzalanması mərasimi təxirə salınıb. Mərasimin təxirə salınmasının səbəbi idarəetmə şurasının beş şiə üzvünün əsas qanunun bir sıra cəhətlərinə qarşı son anda çıxışı ilə bağlıdır. Əsas qanunda qeyd edilib ki, sənədin qüvvəyə minməsi üçün üç əyalətin hər birində seçicilərin 2/3-sinin müsbət səsi lazımdır. İdarəetmə Şurasının beş şiə üzvü sünni və kürdlərin olduğu əyalətlərdə seçicilərin 2/3-sinin mənfi səs verilməsi nəticəsində əsas qanunun qüvvəyə minə bilməməsindən narahatçılıqlarını bildirib. Onlardan biri Amerikanın səsinə verdiyi müsahibəsində bu izahatı vermişdir. Xatırladaq ki, əsas qanunun imzalanması mərasimi çərşənbə günü keçirilməliydi. Lakin Bağdad və Kərbəladakı hücumlara görə, mərasim cüməyə qədər təxirə salınmışdı. Müvəqqəti konstitusiya keçən bazar günü təsdiq edilmişdi. Sənəddə qeyd edilib ki, İraqın rəsmi dini islamdır. Qanunvericiliyin mənbələrindən biri şəriətdir. Lakin o, yeganə mənbə deyil. Əsas qanun bütün iraqlıların insan hüquqlarına və dini azadlığına təminat verir. Sənəddə Milli Məclisə seçkilərin keçirilməsi və Milli Məclisdə daimi əsas qanunun qəbul edilməsi qeyd edilib.