İraqda reyd zamanı böyük silah anbarı tapılıb - 2003-12-11

Birləşmiş Ştatların hərbi qüvvələrinin İraqda keçirdiyi bir neçə reyd zamanı böyük silah anbarı tapılmış, onlarla adam həbs edilmişdir. Onlardan üçü Amerika hərbi qüvvələrinə qarşı terror hücumlarının təşkilində şübhəlinilir. Birləşmiş Ştatlar ordusunun komandiri, podpolkovnik Stiv Rassel Səddam Hüseynin doğma şəhəri Tikritdə bu gün səhər tezdən keçirilmiş reyd zamanı 50 hücumun təşkili üçün kifayət silah tapıldığını bəyan edib. Podpolkovnik Rassel silahların Səddam Hüseyn tərəfdarı yaraqlılara məxsus olduğu deyilən qənnadı mağazasında ələ keçirildiyini bildirib. Reyd zamanı çəkilmiş video kasetdə böyük miqdarda avtomat silah, tüfəng, qumbara və yerdə gizlədilmiş partlayıcı maddələr götərilmişdir. Podpolkovnik Rassel hərbi qüvvələrin habelə koalisiya qüvvələrinə qarşı hücumları təşkil edən terror qruplarının lideri olduğuna inanılan üç şəxsi həbs etdiyini də deyib. Birləşmiş Ştatların hərbi qüvvələrinin mətbuat katibinin bildirdiyinə görə isə dünən Bağdaddan cənubda keçirilmiş reydlər zamanı İspaniya kəşfiyyat xidmətinin 7 agentinin qətlilə əlaqədar 41 şübhəli saxlanmışdır. ABŞ ordusunun bəyanatında deyilir ki, bir qrup lideri, kəşfiyyat xidmətinin bir zabiti və ispanların konvoyunu pusquya salan hücumçular ələ keçirilənlər arasındadır.