ABŞ-ın dövlət katibi NATO-nun İraqda rolunun artırılmasına çağırıb - 2003-12-04

Birləşmiş Ştatların Dövlət Katibi Kolin Pauel NATO-nu müharibədən sonra İraqda sabitliyin bərqərar edilməsində aparıcı rol oynamasını nəzərdən keçirməyə çağırıb. Brüsseldə müxbirlərlə görüşən dövlət katibi NATO-ya üzv ölkələrin heç birinin bunun əleyhinə olmadığını bildirib. Cənab Pauel NATO-nun xarici işlər nazirlərinin Brüsseldə keçirdikləri qapalı yığıncağında deyib ki, İraqda sülh və sabitlik alyans üçün olduqca mühümdür. NATO artıq İraqın mərkəzi bölgəsində Polşanın başçılıq etdiyi çoxmillətli hərbi diviziyanı hərbi təchizatla təmin edir. Bundan başqa ittifaqa üzv 19 ölkənin çoxu ya hərbi ya da mülki heyətini İraqa göndərib.NATO-nun baş katibi Gorc Robertson yığıncağı açıq elan edərkən Kolin Pauelin çağırışına səs verərək İraqda NATO-nun rolunun genişlənməsinin zəruruiliyini qeyd etmişdir. Birləşmiş Ştatların başçılığı altındakı İraq müharibəsinə qarşı çıxış edən Fransa və Almaniya NATO-nun İraqda geniş roluna səlahiyyət verilənədək, BMT-nin rolunun genişləndirilməsini istəyirlər.