Türkiyə Əl-Qaidənin hücumlarla bağlı olduğunu deyir  - 2003-12-01

Türkiyə hökuməti bu gün ilk dəfə olaraq keçən ay İstanbulda intihar bomba hücumlarının Əl-Qaidə terror şəbəkəsi ilə əlaqədar olduğuna dair informasiyaya malik olduğunu açıqlayıb. Son həftələr aparılmş təhqiqatlar zamanı bomba hücumları ilə bağlı onlarla insan sorğuya tutulub. Dünən Suriya hücumlarla əlaqədar 22 şübhəli şəxsi Türkiyəyə təhvil verib. Şübhəlilərin hücumlardan az sonra Suriyaya qaçdığı deyilir. Təhvil verilən şübhəlilərdən biri Hilmi Tuğlaoğlu hücumların həyata keçirilməsində əsas fiqurlardan biri olduğu deyilən Azad Əkinçilə yaxın əlqədə olub. Azad Əkinçinin obyektləri partlatmaq üçün intiharçıların istifadə etdiyi partlayıcı maddələrlə dolu yük maşınlarını yerinə çatdırdığına inanılır. İstanbulun valisi Müəmmar Güler isə noyabrın 20-i qərargahı Londonda yerləşlən HSBC bankının filialına hücuma görə İlyas Kuncakın məsuliyyət daşıdığını elan edib. Rəsmilər Britaniya konsulluğuna qarşı hücumun şəxsiyyəti Feridun Uğurlu kimi müəyyən edilən şəxs tərəfindən həyata keçirildiyini bildirirlər. İstanbul valisi Gülerin bildirdiyinə görə, təhqiqat şübhəlilərin beynəlxalq terror şəbəkəsi ilə mümkün əlaqələrini öyrənməyə yönəlib. Vali Əl-Qaidənin hücumları təşkil etməkdə şübhəsiz rolu olduğunu da qeyd edib. Türkiyə mətbuatı polis mənbələrindən alınan məlumatlara istinadən xəbər verir ki, şübhəlilərin çoxu Əfqanıstan, Pakistan, Çeçenistanda döyüşlərdə iştirak edib, ya da bu ölkələr və İranda təlim keçiblər. Bununla belə, rəsmilər hücumlarda Livanın Hizbullah təşkilatı ilə eyni ad daşıyan, lakin onunla əlaqəsi olmayan türk Hizbullah qrupunun əli olduğunu dair dəlilərin hələ müəyyən edilmədiyini bildiriblər. Lakin mətbuat məhz türk Hizbullah qrupunun hücumla əlaqəsi olduğunu yazır. Türkiyə rəsmiləri əvvəllər İranı Türkiyənin dünyəviçi rejimini və qərb yönlü demokratik quruluşunu zəiflətmək məqsədilə Hizbullah və digər islamçı türk təşkilatlarını dəstəkləməkdə ittiham etmişdi. İran bu ittihamları rədd edir.