Qərargahı Parisdə yerləşən Sərhədsiz müxbirlər təşkilatı dünya ölkələrində mətbuat azadlığının səviyyəsini göstərən ikinci hesabatını açıqlayıb. 166 ölkə arasında Azərbaycan siyahıda 113-cü yerdədir. Gürcüstan siyahıda 73-cü, Ermənistan isə 90-cı yerlərdədirlər. Keçmiş Sovet İttifaqı ölkələri arasında Rusiya və Ukraynada vəziyyətin yaxşı olmadığı, Türkmənistan və Özbəkistanda isə pis olduğu deylir. Sərhədsiz müxbirlər təşkilatının ofisində Karolayn Jirod Azərbaycanda mətbuata təzyiqlər, jurnalistlərə qarşı zorakılıqlar və ölkədə azad mətbuatın durumu ilə bağlı şərh verir. "Azərbaycanda vəziyyət həqiqətən də, pisdir və bu, siyahıda da əks olunub. Bu, Qafqaz ölkələri arasında vəziyyətin ən pis olduğu ölkədir. Biz il boyu müstəqil və müxalif mətbuatın vəziyyətilə tanış olmuşuq. Mətbuatla aqressiv şəkildə davranıldığı müşahidə olunub. Prezident seçkiləri zamanı və seçkilərdən sonra yaranmış vəziyyət isə böyük narahatlıq doğurur. Bu onu göstərir ki, ölkədə mətbuata qarşı çox asanlıqla zor işlədilir. Yetmişdən çox jurnalist oktyabrın 15-17-si arasında döyülüb, təhqir edilib, zorakılıqlara məruz qalıb. Bir jurnalist yoxa çıxıb. ANS televiziyasında onun qara maskalı şəxslər tərəfindən aparıldığı göstərilmişdir. Lakin jurnalistin harada olduğu məlum deyil. Müxalifətin aparıcı qəzeti müstəqil şəkildə nəşr olunmur. Qəzetin baş redaktoru Norveç səfirliyində sığınacaq tapıb. Biz ölkə rəsmilərindən jurnalistlərə qarşı bu zorakılıqlara son qoymasını istəyirik. Çünki əgər jurnalistlər seçkiləri azad şəkildə işıqlandıra bilmirsə, bu, bir daha onu göstərir ki, seçkilər azad keçirilməyib və ATƏT və Avropa Şurasının özü də onların legitimiliyini şübhə altına alıb. Biz vəziyyətin düzəlmədiyini nəzərə alaraq, bu həftə də bəyanatla çıxış etməyi nəzərdə tuturuq və lazım olduqca hadisələrə reaksiya verməyə davam edəcəyik."