Konqres prezidentin İraq və Əfqanıstan üçün 87 milyard dollarlıq büdcə planını müzakirə edir - 2003-09-24

Birləşmiş Ştatlar Konqresində prezident Buşun İraqda və Əfqanıstanda ABŞ hərbi qüvvələrinin əməliyyatları və bu ölkələrdə bərpa işlərinə 87 milyard dollar məbləğində vəsait ayrılması təklifilə bağlı dinləmələr keçirilir. Bazar ertəsi günü Amerikanın İraqda administratoru səfir Pol Bremer Senat qarşısında çıxış etdi. Bu gün isə prezidentin təklifinə dəstək vermək üçün müdafiə naziri Donald Ramsfild ABŞ qanunvericiləri qarşısında fikirlərini söylədi. Müdafiə naziri qeyd etdi ki, 87 milyard dollar böyük məbləğdir, lakin ölkənin bunu etməyə gücü çatar.

Bu vəsaitin əsas hissəsi, 66 milyard dollar, İraq və Əfqanıstanda hərbi əməliyyatlar üçün nəzərdə tutulur. Qalan 20,3 milyard dollar isə İraqın bərpası işlərinə sərf olunmalıdır. Səfir Pol Bremerin Senatın maliyyə komitəsi qarşısında çıxışının əsas diqqət mərkəzində də məhz bu məsələ dururdu. Poll Bremerin dediyinə görə, bu vəsait ölkədə sabitliyin yaradılması işləri üçün kifayətdir. Səfir habelə xəbərdarlıq etdi ki, bərpa üçün nəzərdə tutulmuş vəsaitin ayrılması təklifi qəbul edilməsə, İraq terrorçular üçün sığınacağa çevrilə bilər. “Bu qədər iş gördükdən sonra biz arxamızı çevirib, İraqın qruplar-arası çəkişmələr, tiraniya və terrorizmin yaratdığı qarmaqarışıqlığa sürüklənməsinə imkan versək, çox böyük səhvə yol vermiş olarıq. Biz nəinki uzun müddətdir zülm içində yaşayan İraq xalqını təhlükə və mərhumiyyətlər qarşısında qoymuş olacayıq, həm də daha çox terrorçu yetişdirəcək və daha çox amerikalının həyatına son qoya biləcək bir şərat yaratmış olacayıq.”

Hər iki partiyadan qanunvericilər Birləşmiş Ştatların İraqı indi atıb getməməli odluğu fikrini əsasən dəstəkləyirlər. Konqresin Nümayəndələr palatası və Senatda respublikaçı liderlər prezident Buşun təklifinin Konqresin oktyabrın 3-də başlayan növbəti tətilindən əvvəl qəbul olunacağını qabaqcadan söyləyirlər. Lakin Demokratlar vəsaitin necə xərclənəcəyini müəyyən etmək üçün paketin müzakirəyə qoyulmasını istəyirlər. Maliyyə komitəsində nüfuzlu demokrat nümayəndə, Qərbi Virciniya ştatından senator Robert Börd dinləmələr zamanı administrasiyanın İraq siyasətini tənqid etdi. “Amerika xalqı bərpa planı haqda suallar verir. Xalq əsglərlərimizdən İraqın atışma meydanında nişan kimi istifadə edilməsinə yol verən siyasətin nə dərəcədə müdrik olduğunu soruşur.” Senator Börd administrasiyanı ABŞ hərbi qüvvələrində tələfatın arta biləcəyi faktını və Birləşmiş Ştatların işğalının nəyə başa gələcəyini nəzərə almadığına görə kəskin tənqid etdi. Səfir Bremer müharibədən sonra İraqın keçmiş lideri Səddam Hüseynə sadiq qüvvələr tərəfindən müqavimətin artacağı faktının nəzərə alındığını söylədi. Lakin o qeyd etdi ki, Amerika əsgərlərinin qarşılaşdığı terror təhlükəsinin səviyyəsi gözlənilməz olmuşdur. Pol Bremer son zamanlar Fransa və Almaniyanın Vaşinqtonu İraq xalqının suverenliyə keçidini sürətləndirməyə çağırması faktına toxunarq qeyd etdi ki, İraq özünüidarəyə hələ hazır deyil, çünki Səddam Hüseyn rejimi siyasi sistemi tamamilə yararsız şəklə salmışdır. “İraqın tam suveren olmasının yolu konstitusiyanın yazılması, onun qəbul edilməsi və bundan sonra azad seçkilərin keçirilməsindən keçir. Bu yolun qısadılması, zənnimcə, təhlükəli ola bilər.” Səfir Bremer dedi ki, İraqda 279 xarici vətəndaş Birləşmiş Ştatların nəzarəti altında saxlanılır, lakin bunların hamısı terrorçu deyil. Bu adamların çoxu Suriyadan, digərləri İran və İordaniyadan İraqa gəlmişdir.