Filippində atəşkəs elan edilib - 2003-07-18

Filippin hökuməti və ölkənin ən böyük müsəlman separatist qrupu 30 illik münaqişənin həlli üçün sülh danışıqlarının bərpası ümidi ilə atəşkəsə razılıq veriblər. Filippin prezidenti Gloria Arroyo hökumət qüvvələrinin Moro İslam Azadlıq cəbhəsinə qarşı hücumların dayandırılmasına göstəriş verərək, bu gün atəşkəs e’lan edib. Prezident Arroyo hökumət ilə Moro İslam Azadlıq cəbhəsi arasında 5 ay əvvəl kəsilmiş sülh danışıqların dərhal bərpasına çağırıb. Danışıqlar Malayziyanın vasitəçiliyi ilə aparılırdı. Rəsmi nümayəndələr danışıqların gələn həftə başlayacağını deyirlər. 2001-ci ildə hökumət ilə Moro İslam Azadlıq cəbhəsi arasında buna bənzər atəşkəs razılığı əldə edilmişdi. Lakin bu ilin fevral ayı cənubda döyüşlərin yenidən başlanması ilə atəşkəs pozulmuşdu.