Bali partlayışında əli olan daha bir şəxs məhkəmə qarşısına çıxacaq - 2003-06-15

İndoneziyanın yüksək vəzifəli islamçı yaraqlısı olmasında şübhələnilən Əli Qufron Əl-Qayda terrorçu şəbəkəsinin lideri Üsama bin Ladenlə yaxından əlaqəsi olduğunu bildirib. Onu İndoneziyanın Bali adasında bomba partlayışı ilə bağlı bazar ertəsi məhkəmə qarşısına çıxaracaqlar. Muxlas adı ilə tanınan Əli Qufron Bali adasına edilən hücumla əlaqədar mühakimə olunan üçücü müttəhimdir. Keçən ilin oktyabr ayında adada baş verən bomba partlayışı nəticəsində çoxu əcnəbi turist olmaqla 202 adam həlak olmuşdu. Əli Qufronu bu hücuma başçılıq etməkdə ittiham edirlər. İndoneziya hökuməti bu hücumun mə’suliyyətini reqional yaraqlı qrup olan Cemah İslamiyyənin üzərinə qoyur.