Birləşmiş Ştatların hərbi qüvvələrinin İraqın Falluca şəhərində Amerika əleyhinə nümayiş iştirakçılarına atəş açması nəticəsində 13 nəfər həlak olub, 75 nəfər yaralanıb. Bunu şəhər xəstəxanasının rəsmiləri bildiriblər. Birləşmiş Ştatların hərbi qüvvələri bazar ertəsi günü axşam Bağdaddan 50 kilometrlik məsafədə yerləşən şəhərdə atəş açıldığını təsdiq ediblər. Lakin bildiriblər ki, Amerika əsgərləri onları atəşə tutan silahlı şəxslərdən müdafiə olunmaq üçün atəş açmışlar. Bu arada, İraqın daha bir yüksək səviyyəli nümayəndəsi Birləşmiş Ştatların nəzarəti altındadır. İraq Millli Konqresinin bildirdiyinə görə, Səddam Hüseynin hakimiyyəti dövründə Bəsrə şəhərinin qubernatoru olmuş Valid Həmid əl-Tikriti bu gün Bağdadda Birləşmiş Ştatların hərbi qüvvələrinə təslim olub.