Harayın bu həftəki müvzusu İran Azərbaycan münasibətlərindəki gərginlikdir

Harayın bu həftəki müvzusu İran Azərbaycan münasibətlərindəki gərginlikdir

<!-- IMAGE -->

Harayın bu həftəki mövzusu İranla Azərbaycan arasında münasibətlərin son zamanlar gərginləşməsidir. Politoloq Qabil Hüseynlinin sözlərinə görə, son zamanlar İran-Azərbaycan münasibətlərində görünməmiş hadisələr baş verir. Onun sözlərinə görə, İran ittiham edir ki, Azərbaycan İranın birinci düşməni olan İsraili düz burnunun dibində yerləşdirir. Burada isə söhbətin suveren bir dövlətin digər bir suveren dövlətlə münasibətlər yaratmasından getdiyini deyən politoloq İran tərəfi buna görə Azərbaycanın müsəlman birliyinə xəyanətindən, Azərbaycan rəhbərliyinin satqın mövqeyindən danışır və İran rəhbərliyinin bu yanaşması düzgün deyil.

Qabil Hüseynli deyir ki, İran Azərbaycan məsələsini ölkədə siyasi gündəmə gətirməklə əhalinin diqqətini digər daha ciddi məsələlərdən yayındırmağa çalışır. İran xalqının ölkədəki rejimi sevmədiyini deyən politoloq ölkədə son 30 ildə vəd edilən inkişafların əldə edilmədiyini bildirir: “İranın son hərəkəti təəccüblü oldu. Bir qədər əvvəl Azərbaycan öz qazını İrana satmağa başlamışdı, İranla Azərbaycan arasında viza sistemi götürülmüşdü və münasibətlər xeyli yaxşılaşmışdı. Ona görə, düşünürəm ki, son günlər yaranan bu gərginlik tezliklə ötüb keçəcək”-deyə cənab Hüseynli bildirib.

Politoloq deyir ki, İrana qarşı sanksiyalar sərtləşsə, Azərbaycan beynəlxalq birliyin tətbiq etdiyi sanksiyalara tabe olmağa məcbur olacaq, çünki bu sanksiyaları Birləşmiş Millətlər Təşkilatı tətbiq edəcək. Sanksiyalardan yayınan ölkələrə qarşı müxtəlif cəza tədbirləri həyata keçirilməsi nəzərdə tutulduğundan cənab Hüseynli düşünür ki, Azərbaycan İrana qarşı tətbiq ediləcək irimiqyaslı sanksiyalarda mütləq iştirak etmək məcburiyyəti qarşısındadır: “Bu zaman Azərbaycandan İrana müxtəlif növlü malların nəqliyyatı çətinləşəcək və ya mümkün olmayacaq, eyni zamanda ikili münasibətlərdə Azərbaycanın artıq İrana qaz verməsi, elektrik enerjisi ötürməsi və o cümlədən də benzin və kerosin məhsulları ötürməsi mümkün olmayacaq”-deyə Qabil Hüseynli fikrini tamamlayıb.