BMT dünyanı Olimpiya Barışığına çağırır

BMT-nin Baş katibi Ban Ki-mun Olimpiya oyunları zamanı dünyanı düşmənçiliyə son qoymağa çağırıb. Baş katibin dünya xalqlarına müraciətində deyilir ki, Vankuverdə XXI Qış Olimpiya Oyunları yaxınlaşdıqca Birləşmiş Millətlər Təşkilatı və Olimpiya Hərəkatı bu ilki oyunlar ərzində bir daha bütün dünya xalqlarını düşmənçiliyə son qoymağa çağırır. “Olimpiya Barışığı zorakılıq və silahlı konfliktlərin müvəqqəti olsa da fasiləsi deməkdir. Bütün il ərzində Olimpiya Oyunlarında biz insan bədəninin nailiyyətləri və mübarizəli idmanın, həmçinin komanda ruhunun və ədalətin müsbət sosial dəyərləri ilə fəxr edirik. Eyni zamanda, müharibə qırğınları nəticəsində fəxr etdiyimiz insan bədənlərinə və bölüşdüyümüz bəşəri dəyərlərə zərər vururuq”.
Baş katib hesab edir ki, sülh və stabillik insanlara əsl potensialını aşkar etmək üçün çox vacibdir. “Olimpiya Barışığı BMT və Olimpiya Hərəkatının can atdığı, bölüşdüyü qlobal dostluq, harmoniya qeyri-zorakılıq və qeyri ayrı-seçkilik kimi ideallar üzərində qurulub”.
“BMT Baş Məclisi, Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Hərəkatının birgə çağırışına qoşularaq bütün dünyada müharibə edən tərəfləri XXI Qış Olimpiya Oyunları ərzində silahlarını yerə qoymağa çağırıram. Gəlin Olimpiya barışığı ilə başlayaq, oyunlar bitəndən və medallar qazanılandan sonra da, belə davam edək” – deyə baş katib qeyd edir.
XXİ Qış Olimpiya oyunları fevralın 12-də Kanadada açılacaq.