ABŞ Müdafiə naziri Robert Geyts deyib ki, əgər İran beynəlxalq ictimaiyyətin onun nüvə proqramı ətrafında mübahisələrə son qoymaq məqsədilə təklifini qəbul etmək məsələsində ciddidirsə, bunu tez zamanda və muxtəlif rəsmi kanallar vasitəsilə etməlidir.
Geyts bu açıqlamaları İranın xarici işlər nazirinin Almaniyada konfrans zamanı verdiyi bəyanata cavab olaraq bu gün Ankarada müxbirlərlə söhbəti zamanı verib.
İran xarici işlər nazirinin Münhendə razılığın əldə edilməsinə yaxın olduğunu dediyi bildirilir. Lakin Müdafiə naziri Geyts bu haqda bir söz eşitmədiyini deyir. “Məndə olan məlumata əsasən, razılığın əldə edilməsinə yaxın olduğumuz haqda təsəvvür yaranmır.”-deyə o bildirib.
Geytsin bildirdiyinə görə, İran beynəlxalq ictimiayyəti nüvə silahı əldə edilməsi istiqamətində inkişafı dayandırmağa hazır olduğuna əmin etmək üçün heç bir iş görməyib.
Robert Geyts deyib ki, Obama administrasiyası İranla onun nüvə proqramı ətrafında danışıqlara başlamaq istiqamətində presedenti olmayan səylər göstərmişdir.