Bakının Yasamal rayon Məhkəməsi daxili işlər naziri Ramil Usubovun “Femida 007” qəzetinin baş redaktoru Əyyub Kərimova qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə qərar çıxarıb.Məhkəmə cənab Kərimovu Cinayət Məcəlləsinin böhtan maddəsi üzrə təqsirli bilib. O, aylıq qazancının 15 faizi tutulmaqla, 18 ay müddətinə islah işlərinə məhkum edilib.
Baş redaktor məhkəmənin qərarı ilə razı olmadığını bildirib. “Qərar peşə fəaliyyətimin qarşısının alınmasına yönəlib”, - deyə o qeyd edib.
Nazir cənab Kərimova qarşı Cinayət Məcəlləsinin ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsi ilə iddia qaldırıb və baş redaktorun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Cənab Usubovun iddiasına səbəb baş redaktorun “Azadlıq” qəzetinə müsahibəsində Daxili İşlər Nazirliyində cinayətkar birliklər olması ilə bağlı ifadələr olub.