Çin ABŞ prezidenti Barak Obamanın Dalay Lama ilə görüşməsinin əleyhinədir

Çin ABŞ prezidenti Barak Obamanın Tibetin ruhani lideri Dalay Lama ilə görüşməsinə qəti şəkildə zidd çıxır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, rəsmi Pekin bu görüşün hər hansı kontekstdə baş verməsinin əleyhinədir. Çin bundan əvvəl xəbərdarlıq edərək bəyan etmişdi ki, belə bir görüş ikitərəfli münasibətlərə xələl gətirə bilər.

Ağ Ev isə dünən təsdiq edib ki, cənab Obama Dalay Lama ilə görüşmək fikrindədir. Lakin görüşün vaxtı hələlik müəyyən edilməyib. Çin-ABŞ münasibətləri son günlərdə Tayvana silah satışı, internet senzurası və başqa məsələlərlə bağlı gərginləşib.