Azadlığın baş redaktorunun azadlığı üçün siyasi iradə lazımdır

“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin həyat yoldaşı Ayəndə Mürsəliyeva “Amerikanın səsi” radiosuna müsahibəsində ailəsinə yerli və beynəlxalq təşkilatların, o cümlədən jurnalistin dostlarının daim dəstək olduğunu bildirib. Onun dediyinə görə, bir qayda olaraq beynəlxalq və yerli hüquq müdafiə təşkilatları baş redaktorun həbsinin qanunsuzluğu və onun azadlığa buraxılması ilə bağlı bəyanatlarla çıxış edib. “Amerikanın Azərbaycandakı keçmiş səfiri Enn Dersinin isə Novruz bayramında bizim ailəni ziyarət etməsini xüsusi qeyd etmək istəyirəm”.
Xanım Mürsəliyeva baş redaktorun həbsinin qanunsuz olduğunu deyib və onun həbsdən azad edilməsi üçün siyasi iradə tələb olunduğunu deyib. “Hamı bilir ki, Qənimət Zahid avtoritarizmə, rüşvətə və korrupsiyaya qarşı məqalələr yazdığına görə şərlənərək həbs edilib. Onun həbsi siyasidir və azadlığa çıxması üçün də siyasi iradə lazımdır. Bizim ailə və Qənimət Zahid əfvlə bağlı heç kimə müraciət etməyəcək”.
O eyni zamanda, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinə inamının azalmaqda olduğunu deyib. “Məruzəçi təyin ediləndən sonra Azərbaycana gəlib vəziyyəti araşdırmayıb. Eyni zamanda, jurnalistlərin, blogerlərin həbsi ilə bağlı münasibət də bildirməyib. Deyirlər bu ilin aprelində o, Azərbaycana gələcək”, - deyə o qeyd edib.