Haitidə uşaq alverilə bağlı şübhələr əsasında 10 amerikalı həbs edilib

Haitidə polis üzərində lazımi sənədləri olmayan 30 uşaqla Dominikan Respublikasının sərhəddini keçməyə çalışan 10 Amerika xeyriyyə işçisini uşaq alverilə məşğul olduqlarından şübhələnərək saxlayıb.

Haitinin Sosial Məsələlər üzrə naziri İv Kristallin bunun uşaq oğurluğu olduğunu deyərək, bildiribki, uşaqların ölkəni tərk etməsi üçün nazirlikdən icazə alınmalıdır.

Birləşmiş Ştatlarda mənzillənən New Life Children’s Refuge xeyriyyə təşkilatından beş kişi və beş qadın uşaqları Dominikan Respublikasında uşaq evlərinə apardıqlarını bildiriblər. Xeyriyyə təşkilatına sponsorluq edən kilsənin veb səhifəsində onların səhvən həbs edildiyi bildirilir.

Haiti rəsmiləri zəlzələdən sonra yetim qalmış uşaqların insan alveri qurbanı ola biləcəyilə bağlı narahatlıqlarını bildiriblər.