Qüdrətli sərt xətt təmayüllü ruhaninin daha çox nümayişçilərin edama məhkum edilməsinə çağırışından bir gün sonra 16 müxalifət fəalı İranda məhkəmə qarşısına çıxarılıb. İki qadının daxil olduğu müttəhimlər dekabrda keçirilən nümayişlər zamanı iğtişaşlar törətməkdə və təbliğat yaymaqda ittiham olunurlar. Onlardan beşi allahın düşməni olmaqda ittiham olunurlar ki, bu cinayətə görə edam cəzası düşür. Dekabrda baş verən nümayişlər zamanı ən azı səkkiz adam öldürülmüş və yüzlərlə adam həbs olunmuşdu. Cümə axşamı İranda iki siyasi dissident edam olundu. Bu, altı ay bundan öncə siyasi böhran başlanandan bəri ilk belə edam idi.