Çinin hədələrinə baxmayaraq, ABŞ Tayvana hərbi ləvazimat satmaq barədə qərarını müdafiə edib. Dövlət Departamentinin sözçüsü Lora Toşler deyib ki, bu növ silah satışları Tayvan boğazında sabitliyin qorunmasına xidmət göstərir. Bundan öncə Çinin dövlət mediası xəbər vermişdi ki, rəsmi Pekin ABŞ-la hərbi mübadiləni təxirə salır və Tayvana silah satan ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək. Bu açıqlama Vaşinqtonun Tayvana 6.4 milyard dollar həcmində hərbi ləvazimat satacağını elan etməsindən sonra verilib. Şinhua xəbər agentliyinin yaydığı bəyanatda Çin müdafiə nazirliyi sərt tonda silah sövdələşməsinə görə Vaşinqtonla hərbçilərin qarşılıqlı səfərlərini təxirə saldığını bildirir. Dünən ABŞ müdafiə nazirliyi Konqresə 60 Black Hawk vertolyotları, Patriot mərmiləri, radar qovşaqları və rabitə ləvazimatının mümkün satışı barədə bildiriş verib. Lakin paketə Tayvanın istədiyi F-16 markalı qırıcı təyyarələrin satışı daxil deyil.