Bu gün Qazaxıstanın paytaxtı Astanada ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, yanvarın 20-də ATƏT-in Minsk qrupunun həmsədrləri (Yuri Merzlyakov, Rusiya; Bernar Fasye, Fransa; Robert Bratke, Amerika) Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Həmsədrlər öz ölkələrinin prezidentlərindən aldığı tapşırığa əsasən prezident Sarkisyana 2007-ci il noyabr tarixli Madrid sənədinin işlənmiş versiyasını çatdırıb. Eyni sənəd 2009-cu ilin dekabrında prezident İlham Əliyevə də çatdırılıb. Bu sənəd həmsədrlərin əsas prinsiplərə dair daha ətraflı məlumatını əks etdirir. Yanvarın 21-də isə həmsədrlər Bakıda prezident Əliyevlə görüşüb.
Müzakirələr zamanı Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair işi davam etdirmək niyyətlərini bildirib və danışıqlara yanaşmalarında tam ciddi olduqlarını yenidən vurğulayıb.
Hazırda Qazaxıstanın ATƏT-də sədrlik vəzifəsini icra etməsini nəzərə alan həmsədrlər Qazaxıstan hökuməti ilə məsləhətləşmələr aparır. Astanada keçirilən məsləhətləşmələrdən sonra, Soçi şəhərində Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək növbəti görüşə ev sahibliyi edəcək.
Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Amerikanın səsi” radiosunun suallarının cavabında prezidentlərin Soçi görüşü,Türkiyə-Ermənistan protokolu və Rusiyanın regiona təsirlərindən danışıb. Onun dediyinə görə, prezidentlərin Soçi görüşü Rusiya prezidentinin təşəbbüsü və iştirakı ilə keçiriləcək. “Ümid etmək lazımdır ki, heç omasa bu görüş, müəyyən mənada irəliyə addım atmaq üçün bir zəmin yaratsın. Nəzərə alaq ki, bundan öncə də Rusiya prezidentinin iştirakı ilə görüş olub, amma Rusiya prezidenti də nə qədər səy göstərsə də, hələlik konkret bir nəticə əldə etmək mümkün olmayıb. Düşünürəm ki, son proseslərin fövqündə Ermənistan rəhbərləri ola bilsin ki, müəyyən mənada, sağılam düşüncə ilə hərəkət edərək münaqişənin həlli üçün müəyyən addımın atılmasına şərait yaradar, yəni konstruktiv mövqe tutaraq irəliyə addım atılmasına imkan verəcəklər”.
Cənab Məmmədov münaqişənin həlli ilə bağlı prinsiplərin artıq müəyyənləşdirildiyini deyib. “Prinsiplərin müəyyənləşdirilməsi deyəndə, Azərbaycan prezidentinin bəyan etdiyi kimi münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Biz bundan bir addım da geri çəkilməyəcəyik. Bunun üzərində də münaqişə həll olunmalıdır”.
O Soçidə hansısa sənədin imzalanması gözlənilirmi?, - sualının cavabında deyib ki, “müəyyən razılaşmadan söhbət gedirsə, prezidentlərin görüşündən sonra bununla bağlı bir söz deyə bilərəm”.
O Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı protokollarda yaranan problem barədə sualın cavabında bildirib ki, Ermənistan Konstitusiya məhkəməsinin protokollarla bağlı qərarına nəzər salanda Türkiyə tərəfi bir daha görür ki, Azərbaycan prezidentinin əvvəlcədən Ermənistanla aparılan danışıqlarda tutduğu mövqe düzdür. “İndi Türkiyə də görür ki, ən ağır situasiyada belə, Ermənistan rəhbərləri sanki özlərini “dağın başında” görür. Onlar hesab edir ki, hansı şərti istəsələr ortaya qoya bilərlər və Türkiyə tərəfi buna razı olmalıdır”.
Şöbə müdiri Azərbaycanın balanslı xarici siyasət kursu qüvvədədirmi?, - sualının cavabında deyib ki,
Azərbaycanın xarici siyasət prioriteti, iqtisadi inkişaf modeli böyük Heydər Əliyev tərəfindən qoyulmuş modeldir və bu gün də davam etdirilir. “Müəyyən taktiki addımlar atıla bilər. Azərbaycanın xarici siyasətində balanslı siyasət kursu mövcuddur və prezident İlham Əliyev tərəfindən bu kurs davam etdirilir”.
O balanslı xarici siyasət kursu ilə bağlı danışarkən “sadəcə bir məsələni nəzərə almağ”ın lazımlığını diqqətə çatdırıb. “Balanslı siyasət deyəndə, yalnız bir tərəfi düşünmək lazım deyil. Azərbaycan rəhbərliyi bu siyasəti qarşı tərəfin ona olan mövqeyini nəzərə alaraq qurur. Biz gənc dövlətik, böyük problemlərimiz var. Amma eyni zamanda, bu gün dünya səviyyəsində, dünya siyasətində özümüzü təsdiq etmiş dövlətik. Bu böhran illərini də nəzərə alsaq Azərbaycan bütün dünya tərəfindən yaxşı tanınır. Amma Azərbaycana da bütün dövlətlər tərəfindən ədalətli münasibət olmalıdır. Biz buna çox həssasıq və bunu yaxşı bilirik. Azərbaycanın yaxşı işlərini də, nöqsanlarını da qeyd etmək lazımdır. Ancaq bunu balanslı edənlərlə daha yaxşı anlaşma əldə edirik, daha yaxşı anlaşırıq”.
Cənab Məmmədov Azərbaycanın milli təhlükəsizliyində Rusiya amilinin rolu və Rusiyanın Azərbaycanla, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətinə Rusiyadakı Azərbaycan diasporunun təsirləri ilə bağlı sualın cavabında bildirib ki, Azərbaycanın milli təhlükəsizliyi onun rəhbərinin qarşısında duran bir nömrəli vəzifədir. “Azərbaycan prezidenti bu istiqamətdə bütün addımlarını ortaya qoyub. Münaqişənin həllində son vaxtlar bu intensivləşmədə də əsas məqsəd budur. Prezident İlham Əliyevin məqsədi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün təhlükəsizlik məkanı yaratmaqdır. Bu nöqteyi - nəzərdən Rusiyanın mövqeyi mühüm və böyükdür. Rusiya bizim ən böyük qonşumuzdur. Rusiyanın da maraqlarının təmin olunması çərçivəsində, düşünürük ki, təhlükəsizliyin təmin olunmasına nail ola bilərik. Bu istiqamətdə, Rusiya münaqişənin həllində çox mühüm rol oynaya bilər. Mənə elə gəlir ki, bu gün Rusiya tərəfində bu anlam mövcuddur. Ona görə də Soçi danışıqlarının baş tutmasını gözləyək”, - deyə o qeyd edib.