ABŞ müdafiə naziri
Robert Geytsin bildirdiyinə görə, terrorçu qruplar bir-birinin uğurundan
yararlanmaq və bütün regionda təhlükəsizliyə hədə yaratmaq üçün
Əfqanıstan-Pakistan sərhədində birgə işləyirlər. Bu gün Hindistanda ölkənin
müdafiə naziri ilə görüşdən sonra danışan cənab Geyts deyib ki, Cənubi Asiyada
bir terrorçu qrup hücum həyata keçirəndə bütün qruplar fürsət və reputasiya
əldə edir. Geyts Əl-Qaidə, Taliban və Hindistanın 2008-ci il Mumbay terror
hücumuna görə ittiham etdiyi Pakistanın yaraqlı qrupu Ləşkəri Təyyibə də daxil
olmaqla regionda fəaliyyət göstərən bir sıra qrupların adını çəkib. Hindistanın
Mumbay hücumundan sonra təmkin nümayiş etdirməsinə baxmayaraq, ikinci belə hücum
Dehlinin səbrinin tükənməsinə gətirib çıxara bilər. O, deyib ki, Hindistan və
Pakistan hər iki ölkə üçün hədə törədən belə hücumlara qarşı əməkdaşlıq
etməlidir.