Dəyirmi Masa: Türkiyə baş nazirinin Rusiyaya səfəri

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın Rusiyaya səfəri başa çatdı. Müşahidəçilərin diqqətlə izlədiyi səfərdə ikitərəfli münasibətlər, enerji mübadiləsi və Dağlıq Qarabağ münaqişəsinin gündəmdə olduğu bildirilir. Tarixən rəqib olmuş iki dövlət arasında münasibətlərin istiləşməsi müəyyən təəccüblə qarşılanmaqdadır. Belə ki, bu növ dəyişiklik Cənubi Qafqaz kimi regionlarda siyasi dinamikaya da ciddi təsir göstərir. Bu mövzuda diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə TÜRKSAM siyasi araşdırmalar mərkəzinin rəhbəri Sinan Oğanı və Şərq-Qərb Araşdırmaları Mərkəzinin prezidenti Ərəstun Oruclunu dəvət etdik.

Türkiyə ilə Rusiya arasında misilsiz yaxınlaşmanı şərh edən Sinan Oğan bildirdi ki, son 500 ildə iki dövlət arasındakı münasibətlər zirvə nöqtəsinə yüksəlib. Cənab Oğanın sözlərinə görə bu əməkdaşlıq daha çox özünü iqtisadi-ticari müstəvidə büruzə verir. İqtisadi əlaqələrin strateji işbirliyi səviyyəsinə yüksəldiyini qeyd edən türk analist artıq birgə layihələrə üçüncü tərəflərin də qatıldığını və əməkdaşlığın çoxtərəfli xarakter aldığını önə çəkdi. Məsələyə Rusiyanın baxışını şərh edən Ərəstun Oruclu isə Moskvanın Ankara ilə yaxınlaşmasında müəyyən üstörtülü məramlar müşahidə edir. O, deyir ki, NATO müttəfiqi olan Türkiyəni öz tərəfinə keçirməklə əslində Moskva Avropa Birliyini və ABŞ-ı sabiq Sovet məkanından təcrid etməyə çalışır. Rusiya hazırda Türkiyəni öz maraqlarına birbaşa təhlükə kimi görmədiyindən Ankaradan öz geo-strateji məqsədləri üçün istifadə edir.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin çözülməsi ilə bağlı oynadığı rola gəldikdə isə Ərəstun Oruclu Moskvanın bu məsələdə qeyri-səmimi olduğunu düşünür. Onun sözlərinə görə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və Türkiyə-Ermənistan yaxınlaşmasını dəstəkləməsi belə bir görüntü yaradır ki, Moskva həqiqətən regionda əmin-amanlığın bərqərar olmasını istəyir. Reallıqda isə Moskvanın Cənubi Qafqazda yürütdüyü siyasət dayanıqlı sülhə mane olur. Sinan Oğan Rusiya baş naziri Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin yalnız paket həll yolu vasitəsilə nizama salınmalı olduğu haqda dediklərini önə çəkərək Rusiyanın Ermənistanla müttəfiq münasibətlərinin möhkəmliyini vurğuladı. Eyni zamanda cənab Oğan Rusiyanın öz siyasətini əvvəl-axır Türkiyə ilə genişlənən iqtisadi əməkdaşlığın şərtlərinə uyğunlaşdıracağına və rəsmi Ankaranın istəklərini qismən də olsa nəzərə alacağına inamını ifadə etdi.