Azərbaycan qazının İrana satılması barədə kommersiya sazişi imzalanacaq

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) və İran Milli Qaz İxracı Şirkəti (NIGEC) arasındakı bu gün keçirilmiş danışıqların yekunları üzrə yaxın 3 ay ərzində danışıqların bütövlükdə başa çatdırılması və Azərbaycan qazının İrana göndərişləri barəsində Kommersiya Sazişinin imzalanması haqqında razılaşma əldə olunub. Bu barədə Turan Agentliyi məlumat yayıb.
Məlumata görə, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan 2010-cu ilin payızına qədər Hacıqabul-Astara (Azərbaycan-İran sərhədi) magistral boru kəməri infrastrukturunun yenidən qurulmasının birinci mərhələsini başa vurmağı və onun indiki buraxılış qabiliyyətinin gündə 1,5 mln kubmetrdən 5 mln kubmetrə qədər çatdırmağı planlaşdırır. Bu məqsədlə həmin boru kəmərində 6 yeni kompressor quraşdırılacaq, boru kəmərinin müxtəlif hissələrində aparılacaq modernləşdirmə isə işçi təzyiqi indiki 55 atmosferdən 75 atmosferə qədər yüksəltməyə imkan verəcək.
ARDNŞ-nin rəhbəri İrana qaz göndərişləri həcminin gələcəkdə artırılması üçün iki qonşu ölkə arasında uzunmüddətli müqavilənin bağlanmasının zəruri olduğunu vurğulayıb. “Gələcəkdə İran tərəfinin tələbatından asılı olaraq biz qaz göndərişlərin həcmini ildə 5 mlrd kubmetrə çatdıra bilərik”.
Öz növbəsində, NIGEC-nin idarəetmə direktoru Seyid Rza Kəsaizadə qeyd edib ki, İran Azərbaycanla qaz göndərişləri sahəsində əməkdaşlığı mərhələ-mərhələ genişləndirmək niyyətindədir. “Bu əməkdaşlıq İran və Azərbaycanın mənafeyinə tam cavab verir, çünki iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
Qeyd edək ki, NIGEC-nin nümayəndə heyəti Bakıya yanvarın 11-də gəlib. İndiki danışıqların məqsədi cari ildə Azərbaycan qazının İrana göndərişlərinin kommersiya məsələlərini müzakirə etməkdən ibarət idi. Bundan bir qədər əvvəl - 2009-cu ilin noyabr ayının 11-də ARDNŞ və NIGEC arasında İrana ildə 500 mln kubmetr Azərbaycan qazının göndərilməsi barəsində memorandum imzalanmışdı.
2009-cu ilin yayında İran tərəfi ilk dəfə olaraq “Şah-dəniz” yatağından “Mərhələ -2” layihəsinin işlənməsi çərçivəsində ildə 5 mlrd kubmetr qaz almaq istədiyini bildirib. Əgər cari ildə layihənin özünün icrasına icazə verilsə, “Mərhələ-2”-nin çərçivəsində “mavi yanacağın” hasilatı 2016-cı ilin III rübünə planlaşdırılıb.