İranın bir müxalifət liderinin veb səhifəsindəki məlumatda deyilir ki, bu gün hökumət tərəfdarı nümayişçilər tərəfindən prezidentliyə sabiq namizəd Mehdi Kərrubiyə hücum olub. Sahamnews.org-un bildirdyinə görə, Mehdi Kərrubinin olduğu maşın etirazçılar tərəfindən atəşə məruz qalmış, lakin maşın zirehli olduğu üçün ancaq pəncərələrinə zərər dəymişdir. Veb səhifədə cənab Kərrubinin Qəzvində keçiriləcək müxalifət aksiyalarında iştirak etmək üçün oraya getdiyi və 500-ə yaxın hökumət tərəfdarının onun qaldığı binanı mühasirəyə aldığı bildirilir. Cənab Kərrubiyə atəşin o, polisin müşayiəti ilə binanı tərk edərkən açıldığı deyilir.
Bundan əvvəl isə dövlət mediası adı açıqlanmayan 5 müxalifət fəalının İran İnqilab Məhkəməsi qarşısına çıxardılacağını bildirmişdi. Fəalların dekabr ayının 27-i, şiələrin müqəddəs Aşura günü ölkə boyu keçirilən genişmiqyaslı nümayişlər zamanı həbs edildikləri deyilir.