Novella Cəfəroğlu: 2009-cu il Azərbaycanda insan haqları sahəsində pozitiv olmayıb

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanda 2009-cu ildə insan haqları sahəsində müsbət irəliləyişlərin olmadığını deyib. “Müsbət hadisə yalnız həbsxanada vərəm xəstəliyindən əziyyət çəkən jurnalist Müşfiq Hüseynovun azad edilməsidir”.
İl ərzində siyasi, sosial, iqtisadi hüquqlar sahəsində geriləmələr qeydə alınıb. “Minlərlə insanın mənzil, mülkiyyət hüquqları pozulub, bələdiyyə seçkiləri beynəlxalq standartlara uyğun olmayıb, bazarda qiymətlər qalxıb, amma əhalinin əmək haqları qaldırılmayıb”- deyə o qeyd edib.
Hüquq-müdafiəçisi hökumətin insan haqları sahəsində bəyanatlarının səmimi olmadığını deyib. “Hökumət başçısı indiyədək bir dəfə belə hüquq-müdafiəçilərini qəbul etməyib. O hüquq müdafiəçiləri ilə görüşərsə real vəziyyətlə bağlı məlumat verərik”.
Xanım Cəfəroğlu ölkədə söz və mətbuat azadlığı sahəsində vəziyyətin gərgin olduğunu düşünür. “Jurnalistlərin həbsi hələ də davam edir”.
O ölkədə insan hüquqlarının ən çox pozulduğu regionun Naxçıvan Muxtar Respublikası olduğunu deyib. “Hazırda 35 nəfər Naxçıvanın Culfa rayonunun Bənənyar kənd sakini ofisimizə gəlib. Dünən kənddə hüquq-mühafizə orqanları 300-dən çox sakini fiziki-mənəvi təzyiqə məruz qoyub, çoxsaylı insan saxlanıb. Sakinlərdən biri isə fevralın 27-də təzyiqlərə etiraz olaraq özünü yandırıb”.
Hüquq-müdafiəçisinin dediyinə görə, yerli hakimiyyət bu yolla kənd sakinlərinin dini mərasimlərini həyata keçirməyə mane olmağa çalışır.