Harayın bu həftəki qonağı Zahid Oruc deyir ki, İran insan haqlarının pozulması sahəsində liderliyə namizəddir (audio)

Harayın bu həftəki qonağı Azərbaycanın millət vəkili Zahid Orucdur. O Amerikanın səsinin İranda azərbaycanlıların və başqa etnik qrupların konstitusion hüquqları və hazırda ölkə miqyasında davam etməkdə olan siyasi mübarizə barədə suallarına cavab verib.

Sual: İranda yaşayan azərbaycanlıların digər etnik qruplar kimi dövlətdən öz hüquqlarının həyata keçirilməsi ilə əlaqədar narazılıqları var. Bu hüquqların reallaşdırılması məsələsinə sizin münasibətiniz?

Cavab: Bu hüquqların reallaşdırılmadığını bir yaxın qonşu olaraq biz görməkdəyik. Çünki oradan Azərbaycana gələn çoxsaylı insan var və İrandakı daxili vəziyyət barədə yetərli məlumat alırıq. İkincisi isə, İranın daxili vəziyyətini son prezident seçkiləri özündə çox yaxşı əks etdirdi. Bəlli oldu ki, bu insanların ən adi siyasi haqlarını gerçəkləşdirməsi İran hakimiyyəti tərəfindən süngü ilə qarşılanır. Bunun özü sübut etdi ki, İran daxili durumuna görə, xeyli dərəcədə insan haqlarını pozan və bu məsələ üzrə hər il dünyada ön yerə çıxan bir ölkədir. İran öz xalqının adi haqlarını belə verməkdə çətinlik çəkir.

Sual: Bəs İran konstitusiyası ilə etnik qruplara verilən öz dilində təhsil hüququ kimi hüquqlar təmin olunurmu?

Cavab: Xeyr, təmin olunmur. Orada yaşayan azərbaycanlılara münasibətdə İranın on illərdir ki, dəyişilməz bir siyasəti var. Hakim rejim həmişə hesab edib ki, bu xalqlar özlərinin tarixi milli hüquqlarını nə qədər hiss etsələr, bu planda daha kəskin mübarizələrini, haqlarını gerçəkləşdirmək uğrunda fəaliyyətlərini ortalığa qoyacaq. Azərbaycanlılar İranda təhsil hüquqlarını gerçəkləşdirə bilmir və təhsil siyasəti bir ayrıseçkilik növüdür ki, bu insanlar nə qədər savadsız olsalar, o qədər molla siyasətinin əlinin altında qalacaqlar. Eyni zamanda onların ədəbi dərgilərin nəşri, ədəbi nümunələrini nümayiş etdirmə və digər ifadə azadlıqlarını reallaşdırması imkanı büsbütün yasaqlarla müşayiət olunur.

Sual: Gəlin etiraf edək ki, İranda Azərbaycanlılar yüksək vəzifələr də tutublar. Misal üçün İranın ali dini rəhbəri azərbaycanlıdır, Prezident seçkilərindəki ən güclü namizedlərdən biri və indi də müxalifətdəki ən güclü rəhbər olan Musəvi azərbaycanlıdır. Parlamentdə çoxlu Azərbaycanlı millət vəkili var. Bu, xalqa olan münasibətdən nə şəkildə fəqlənir. Burda necə ayrıseçkilikdən danşıqmaq olar?

Cavab: Məsələnin izahı tarixdə mövcuddur. Görmürsüz, imperiyalar və ya qəsbkar rejimlər idarəçiliyin ən mühüm alətini həm də siz dediyiniz vasitələrlə qurublar. SSRİ bir imperiya olaraq azərbaycanlıların parlamentdə seçilmək, SSRİ azərbaycanlılara ali sovetin üzvü olmaq və s. kimi imtiyazlardan yararlanmaq hüququnu tamam yasaqlamamışdı ki? Hətta SSRİ-nin Konstitusiyasında demokratikləşmə, demokratik hüquqlar və s. müddəaları da öz ifadəsini tapmışdı. Respublikaların SSRİ-dən ayrılması müddəası da mövcud idi. Amma onun alt qatında ele maniələr yaradılmışdı ki, istənilən bir qüvvəni neytrallaşdırmaq imkanları vardı. İranda da bu cürdür. Sizin dediyiniz vəzifələrdəki azərbaycanlılar İranın bu total mahiyyətini saxlamaq istəyənlərdən daha pis şəkildə anti-azərbaycan mövqeyi tuta bilirlər. Onların bəzi nümayəndələri Azərbaycan parlamentinə gələndə və ya müxtəlif beynəlxalq tədbirlərdə olanda mövqelərinə baxmışam. Onlar geo-siyasət haqda düşüncələrindən tutmuş, region və daxili vəziyyətə kimi düşüncələrindən asılı olaraq bir sıra hallarda başqa bir formada seçilirlər.

Sual: Əlbətdə İrandakı başqa etnik qruplarla bir yerdə azərbaycanlılar da öz hüquqları uğrunda mübarizə aparırlar. Bildiyiniz kimi bu mübarizə hələ də ölkə miqyasında hətda etnik mənsubiyyətdən asılı olmayaraq davam edir, toqquşmalar baş verir, insanlar həbs edilir və bəzi mənbələrin bildirdiklərinə eləcə də şahid ifadələrinə görə bəzi hallarda işkəncəyə məruz qalır. Sizin fikrinizə görə davam etməkdə olan bu siyasi mübarizə nailiyyətlə nəticələnəcəkmi?

Cavab: Hesab edirəm ki, inqilabların, sosial toqquşmaların və digər dövlət vətəndaş münasibətlərindəki konfliktlərin tarixi təcrübəsi sübut edir ki, süngü üzərində hakimiyyəti uzun onilliklər mümkün olsa da, bunu yüzilliklər reallaşdırmaq çox çətin olur. Bunun üçün beynəlxalq və daxili zəmin bir-biri ilə uzlaşmalıdır. SSRİ-nin daxılmasını buna nümunə göstərmək olar. Hesab edirəm ki, İranda, xüsusilə də son prezident seçkilərindən sonra rejimin mahiyyəti daha artıq dərəcədə kəskinləşəcəkdir. Amma gələcək dövrdə məsələyə beynəlxalq istəklər gücləndikcə İran indiki vəziyyətindən çıxacaq.