Çingiz Bəxtavərin dəfn mərasimində bir qrup adam döyülüb bir neçəsi isə saxlanıb

İNSAFƏLİ HİDAYƏT
Təbrizli siyasi və mədəni fəaal Çingiz Bəxtavərin dəfn mərasimindən sonra əmniyyət qüvvələri, məzarlıqdan çıxan qrupa hücum edib. Mərasimin iştirakçılarının bir hissəsi nəzarət altına alınıb, bir qrupu isə polis tərəfindən döyülüb. Saxlanılanların dəqiq sayı barədə məlumat yoxdur amma şahidlər onların 20 nəfərə yaxın olduğunu təxmin edirlər.

Dəfn mərasimində iştirak edən azərbaycanlı fəal Abbas Lisani döyülənlərdən biridir. Onun dediyinə görə cənazəni dəfn etməmişdən əvvəl, ittilaat məmurları bəzi tanınmış azərbaycanlı siyasi və mədəni fəallara zənq edib, onlara qəbristanlığa getməmək barədə xəbərdarlıq ediblər.
"Bizim Təbriz" və başqa xəbər sitələri yazırlar ki, qəbristanlıqda toplaşanlar, azərbaycanlıların mədəni haqları ilə əlaqədar şüarlar bağırıb, Azərbaycanın milli marşını oxuyublar.

Mərasimdə Çingizin iki oğlu Siamək və Atabay, Həsən dəmirçi, Mənuçehr Əzizi, Abbas Lisani və Zülfüqar Kəmali çıxış ediblər. Abbas Lisani deyib ki, polisin əlinə bəhanə verməmək üçün mərasimdə heçkim həyəcanlı danışmadı.

Abbas Lisani söyləyib ki, dəfn mərasimindən sonra, mülki paltarlı məmurlar, qəbristanlıqdan çıxanlara həmlə edib və onların bir çoxunu döyüblər. Cənab Lisaninin sözlərinə görə sonradan ona telefon edərək deyiblər ki, egər Təbrizi tərk etməsə Erdəbilə onun cənazəsini göndərəcəklər.

Çingiz Bəxtavər azərbaycanlıların hüquqları uğrunda illərlə mübarizə aparmış bir fəal idi. O dəfələrlə ittilaat idarəsinə çağırılıb və həbs edilmişdi. O Təbrizin elektrik idarəsində işləyirdi və oradakı fəhlələrin nümayəndəsiydi.

Bəxtavərin cəsədi iş yerində tapılıb. Ailəsi onun bir xəstəlikdən şikayəti olmadığını bildirib. Bəziləri onun ölümünə şübhə ilə yanaşsa da mərhumun ölümündə qəsd olması haqqında dəlil ya da şahid ifadəsi yoxdur. Expertizanın nəticəsi isə bir aydan sonra açıqlanacaq.