Azərbaycanda media azadlığı sahəsində problemlər qalmaqdadır

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı Azərbaycanda ifadə azadlığının durumuna dair illik hesabatı ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib.
Cənab Hacılı bildirib ki, ötən illərdə olduğu kimi, bu il də ifadə azadlığı sahəsində vəziyyət pisləşməkdə davam edib.
Onun sözlərinə görə, bu il ifadə azadlığı sahəsində hazırlanan hesabatda mediaya qarşı fiziki, psixoloji basqılar, məhkəmə davaları, informasiya əldə etmək hüququ, jurnalist qaynaqlarının gizliliyinin qorunması, teleradio yayımı, çap, İnternet mediasının vəziyyəti haqqında məlumat və tövsiyələr yer alıb. “Mediaya qarşı fiziki və psixoloji basqılarla bağlı statistikaya əsasən, bu il jurnalistlər və media ən azı 49 dəfə fiziki və psixoloji basqıya məruz qalıb. 41 jurnalist peşə fəaliyyətinə görə döyülüb. Fiziki basqıların böyük hissəsi tənqidçi xəbər mediasının nümayəndələrinə yönəlib”.
Direktor xatırladıb ki, ümumilikdə son 5 ildə jurnalistlərə qarşı yönəlmiş 350 faktdan yalnız 3-ü araşdırılıb.
Mediaya qarşı məhkəmə mübahisələrinə gəlində, hesabatda vəziyyətin qənaətbəxş olmadığı əks olunub. Belə ki, 2009-cu ildə mediaya qarşı mülki qaydada 39 iddia qaldırılıb. İddiaçılar mediadan və jurnalistlərdən mənəvi zərər əvəzi olaraq 2900 000 (iki milyon doqquz yüz min) AZN məbləğində təzminat istəyib. Xüsusi ittiham qaydasında isə Cinayət Məcəlləsinin təhqir və böhtan maddələri ilə bağlı şikayətlərin sayı 32 olub. Həmin şikayətlər əsasında 10 jurnalistə cinayət cəzası verilib”.
Cənab Hacılının fikrincə, blogerlər Adanan Hacızadə və Emin Millinin xuliqanlıq maddəsi ilə həbsi ifadə azadlığının boğulmasının bariz nümunəsidir.
Hesabatda teleradio sahəsindəki problemlər də əksini tapıb. O 2009-cu ildə eni televiziya və radio kanallarının yaradılmaması, media azadlığının, plüralizmin təmin olunmaması və həmçinin milli FM tezliklərində xarici teleradioların yayımının qadağan olunmasının Azərbaycan toplumunun obyektiv, qərəzsiz məlumat əldə etmək hüququna ciddi zərbə olduğu qeyd edib.
Hesabatda çap mediası və İnternet sahəsində də müsbət irəliləyişlər nəzərə çarpmır. “Xüsusən, tənqidi çap mediasında investisiyanın yox səviyyəsində olması, mətbuat qurumlarına inzibati təzyiqlərin mövcud olması, həmçinin, İnternet üzərində təzyiqlərin olması hesabatda öz əksini tapıb”, - deyə Media Hüququ institutunun direktoru bildirib.
O, həmçinin Azərbaycanda diffamasiya ilə bağlı müfəssəl qanun işlənib hazırlanmasının vacib olduğunu deyib.