Azərbaycanda təhsili sistemi Avropaya inteqrasiya olunur 

Təhsil naziri Misir Mərdanov 2008/2009-cu tədris ilinin yekunları və növbəti ildə aparılacaq islahatlarla bağlı “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə ali təhsil sahəsində aparılacaq islahatlara, bu ildən ali məktəblərdə adambaşına maliyyələşdirmə sisteminə keçiləcəyi, müəllimlərin sosial vəziyyəti və başqa mövzulara toxunulur.

Sual: Təhsil sahəsində ilin yekunlarına münasibətiniz necədir?
Cavab:
Bu il daha çox təhsilin keyfiyyətində müvəffəqiyyət əldə etmişik. Təhsilin bütün pillələrində, - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində addımlar atılıb.
Ən vacib məsələlərdən biri parlamentin “Təhsil haqqında” qanunu qəbul etməsidir. Qanunun müzakirəsi on il idi ki, davam edirdi. Bu qanunun qəbulunu cəmiyyətin üzünün təhsilə doğru dönməsi kimi qiymətləndirirəm. Qanunun icra mexanizminin hazırlanması üçün Təhsil nazirliyi qırxadək sənəd hazırlayaraq təsdiqedilməsi üçün Nazirlər Kabinetinə təqdim edib.
Sual: Azərbaycanda təhsilin Avropa təhsilinə inteqrasiyası üçün hansı işlər görülür? Dünya Bankı ilə islahatların həyata keçirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsi nə yerdədir?
Cavab: Dünya Bankı ilə bu sahədə işlər davam etdirilir. Yeni, iki layihənin həyata keçirilməsi istiqamətində iş aparırıq. Bu layihələrin biri, ali təhsil müəssisələrində kadr hazırlığı, yəni Dünya Bankının həyata keçirdiyi layihələri idarə edəcək kadrların hazırlanması ilə bağlıdır. Digəri isə ali təhsillə bağlı layihədir. Belə ki, Azərbaycan prezidenti “Ali təhsilin Avropa təhsil məkanına inteqrasiya ilə bağlı ali təhsil sahəsində inkişaf proqramı”nı təsdiq etdikdən sonra Dünya Bankı ali təhsildə islahatların həyata keçirilməsi ilə bağlı qrant ayırıb. İlk öncə ali təhsilli mütəxəssislərin siyahısını dünya təcrübəsinə uyğun hazırladıq, hazırda işlər magistr pilləsində davam etdirilir.
Ali təhsilin keyfiyyəti nazirliyi daha çox maraqlandırır. Bununla bağlı, cəmiyyətdə də müəyyən narahatlıqlar var və bu narahatlıqlar bəzən əsaslı olur. Ali məktəblərdə keyfiyyət baxımından ciddi addımlar atılmalıdır. Həm ali təhsilin idarə olunması, həm də ali təhsilin maliyyələşdirilməsində addımlar atılacaq. Hazırda maliyyə naziri ilə birgə ali təhsilin adambaşına maliyyələşdirilməsinə keçməyə hazırlaşırıq. Burada ali məktəbin dövlət və ya qeyri dövlət olması nəzərə alınmayacaq. Yəni, yüksək bal toplayaraq dövlətin sifarişi əsasında təhsil almaq istəyən şəxs özəl məktəbə də qəbul olduqda, onun təhsili dövlət tərəfindən maliyyələşdiriləcək. Bu təhsil ilindən belə maliyyələşdirmə sistemi həyata keçiriləcək.
Sual: Təhsilin texniki və maddi təchizatı ilə bağlı hansı işlər görülür? Adambaşına düşən təhsil büdcəsi nə qədərdir?
Cavab: Bu təhsilin müxtəlif pillələrində dəyişkəndir. Məktəbəqədər təhsillə, orta, texniki-peşə və ali təhsil sahəsində xərclər müxtəlifdir. Məktəbəqədər və ali təhsil mərhələsində adambaşına ildə təxminən min manat və bir qədər çox düşür. Ancaq bu, inkişaf etmiş ölkələri ilə müqayisədə çox kiçik rəqəmdir. Hökumət bu istiqamətdə ilbəil müvafiq addımlar atılır və davam etdiriləcək.
Maddi-texniki təchizat sahəsində də işlər davam etdirilir. Hazırda təhsilin müxtəlif pillələrində təhsil alanların 70 faizindən çoxu normal şəraiti olan təhsil müəssisələrində təhsil alır.
Sual: Təhsil işçilərinin sosial müdafiəsi istiqamətində hansı işlər görülüb? Xüsusilə orta məktəb müəllimlərinin əmək haqlarının azlığı ilə bağlı cəmiyyətdə sanki bir narazılıq var.
Cavab: Ötən il ali məktəblərdə çalışan müəllimlərin əmək haqqı ilə bağlı çox ciddi addımlar atıldı. Düşünürəm ki, orta məktəblərlə bağlı da, belə ciddi addım atılacaq. Ancaq, hökumətin addımlarını gözləmədən, biz özümüz də, müəyyən addımlar atmalıyıq. Məsələn, 10 il stajı olam müəllim həftədə 24 saat dərs deyərsə, əmək haqqı 300 manat olacaq.
Bununla yanaşı, müxtəlif səbəblərdən məktəb müəllimlərinin dərs saatları çox aşağıdır. Yəni 6 saat dərs deyib, 60 manat alan müəllimlər də var. Biz bu hallara qarşı mübarizə aparırıq və çalışırıq ki, məktəblərdə daha bilikli müəllimlər dərs desin. Həmin müəllimlərə kifayət qədər dərs yükü verilsin və maaşı yüksək olsun.