İsrail
fələstrinlilərin özlərinin gələcəkdəki paytaxtı kimi nəzərdə
tutduqları Qüdsün şərq hissəsində yəhudilərin yaşadığı məhllələrdə 700
mənzilli yeni binalar tikməyi planlaşdırdığını bəyan edib. İsrail
hökuməti bu gün bildirib ki, inşaat işləri Qüdsün şərqindəki Neve
Yakov, Risqat Ziv və Har Homa məhəllələrində nəzərdə tutulub. Fələstin
rəsmiləri bu planı tənqid edərək, İsrailin müstəqillik istəyən
fələstinlilərin torpaqlarını oğurlayaraq inşaat işlərini davam etdirmək
istədiyini deyiblər. İsrail isə Qüdsün bütövlüklə özünün paytaxtı
olduğunu deyir və şəhərin şərq hissəsində aparılacaq yeni inşaat
işlərinın müzakirə mövzusu olmadığını bildirib. Vaşinqton keçmişdə
İsrailin yeni mənzil tikintisi barədəki planlarını tənqid edərək bunun
İsrail-Fələstin sülh danışıqlarının yenidən canlandırılmasını
çətinləşdirəcəyini deyir.