Azərbaycan gəmilərinin yükgötürmə qabiliyyəti bir milyon tonu keçib 

Azərbaycan Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O dəniz administrasiyası tərəfindən həyata keçirilən yoxlamalar, gəmilərin texniki vəziyyəti, gəmiçilik sahəsində həyata keçirilən yeni layihələr, Beynəlxalq Dəniz Konvensiyasına əməl edilməsi ilə bağlı məsələlərə toxunub.

Cənab Qurbanovun dediyinə görə, hazırda Azərbaycan bayrağı altında üzən gəmilərin yükgötürməsi qabiliyyəti 1 milyon tonu keçib. “Azərbaycan bayrağı altında üzən gəmilər 2009-cu ildə Qara və Aralıq dənizi ölkələrinin demək olar ki, bütün limanlarına daxil olub. Ay ərzində Azərbaycan bayrağı altında üzən gəmilər vasitəsi ilə 1,2-1,5 milyon ton yük daşınır. Yüklərin adətən 80-85 neft və neft məhsulları olur”.

Dəniz Administrasiyasının rəisi bildirib ki, 2009-cu ildə Azərbaycan bayrağı altında üzən ümumi tonnajı 1,3 mln ton olan 503 gəmidə dövlət qeydiyyatının aparılması (ümumilikdə xırda gəmilərlə birgə Azərbaycanın 1127 gəmisi var), gəmi sənədlərinin verilməsi istiqamətində tədbirlər həyata keçirilib. “Bu gəmilərdən 149-na Azərbaycan Dövlət bayrağı altında üzmək hüququ haqqında, 53 gəmiyə mülkiyyət hüququ haqqında, 55 gəmiyə minimum heyət tərkibi haqqında, 163 gəmiyə neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında Şəhadətnamə verilib. 23 ədəd müxtəlif təyinatlı gəmi Dövlət Gəmi Reyestrində qeydiyyata alınıb, habelə 8 gəmi və “Heydər Əliyev” Səyyar Üzən Qazma Qurğusu Berbout-çarter reyestrində qeydiyyata alınıb”.

O, 2009-cu ildə dənizçilərə 1776 ixtisas diplomu və 7304 xüsusi hazırlıq sertifikatı, 3105 ədəd Dənizçinin şəxsiyyət sənədi verildiyini deyib.

Cənab Qurbanov hazırda Azərbaycanla Türkmənistan və Qazaxıstan arasında sərnişin daşımaları həyata keçirildiyini bildirib. “İndiki anda İran tərəfi sərnişin daşımaları ilə bağlı təklif verib. Azərbaycan tərəfi İranın təklifini müzakirə etməkdədir”.

Rəis Azərbaycan limanlarına daxil olan gəmilərə yüksək səviyyədə nəzarətin həyata keçirildiyini deyib. Bununla yanaşı, Azərbaycan ərazisinə daxil olan gəmilərin yüklərinin yoxlanılması, texniki vəziyyəti, dənizin çirklənməsinin, gəmilərin toqquşmasının qarşısının alınması istiqamətində vacib işlər həyata keçirilir. “Hazırda Azərbaycan ərazisi vasitəsi ilə silahların, nüvə və onun komponentlərinin daşınması mümkün deyil. Çünki yüklərə Dəniz Administrasiyası ilə yanaşı, Sərhəd Xidməti və Gömrük Orqanları da nəzarət həyata keçirir”.

O, Azərbaycanın balıqçı gəmilərinin xarici ölkələrin sularında saxlanması ilə bağlı sualın cavabında bildirib ki, “bu gəmilərə Fövqəladə Hallar nazirliyi nəzarət edir”. Onun dediyinə görə, son zamanlar bununla bağlı Dəniz Administrasiyası, Sərhəd Xidməti və Fövqəladə Hallar nazirliyi birgə tədbirlər həyata keçirir. “Bu tədbirlərdən sonra, Azərbaycana məxsus balıqçı gəmilərinin xarici sulara keçmə halları azalıb”.

Administrasiyanın rəisi hazırda Rusiya ilə Azərbaycan gəmilərinə Rusiya sularında üzmə ilə bağlı kvotanın aradan qaldırılması istiqamətində danışıqlar aparıldığını bildirib.
O bu günlərdə Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət limanının təməlqoyma mərasiminin olacağını deyib. “Bu liman Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsində əsas rollardan birini oynayan bir kompleksdir və Böyük İpək Yolunun bir hissəsidir”.

Cənab Qurbanov Bakı Dərin Özülləri zavodunun ərazisində yeni gəmiqayırma zavodunun inşa ediləcəyini bildirib. “Bu layihənin dəyəri 250-300 milyon dollar təşkil edir. 2,5-3 ilə istismara veriləcək yeni zavodda 1400-1700 yeni iş yeri açılacaq”.